21 yaşadək futbolçulardan ibarət yığmamızın və “Xəzər Lənkəran” klubunun hücumçusu Ağabala Ramazanovun apasport.az saytına müsahibəsi
- Norveçlə qarşılaşmadakı yenilginin səbəbini nə ilə izah edə bilərsiniz?
- Çox əziyyət çəkdik, amma bunun qarşılığını görə bilmədik. Sona 5-6 dəqiqə qalmış top buraxdıq. Komanda şəklində əzmkarlıq göstərdik. Uşaqlara təşəkkür edirəm.
- Əziyyətinizin qarşılığını niyə görə bilmədiniz?
- Görünür, bu gün bizdə sonluq çatmırdı. Qapıya ya düzgün zərbə endirə bilmədik, ya da vaxtında zərbə vurmadıq. Mənim 2 real qol epizodun oldu, amma istifadə edə bilmədim. Buna şanssızlıq da demək olar.
- Bu gün çox top itkisinə yol verdiniz. Boşluqlar da çox idi...
- Yorğunluq yox idi. Çünki 11 gün idi bir yerdə, əla məşqlər keçirdik. Məşqlər sayəsində oyuna hazır idik. Görünür, qismət deyilmiş. Vura bilmədik. Müdafiəmizin zəif olduğunu demək istəməzdim. Uşaqlar sona qədər oynadılar. Ola bilsin, müəyyən epizodlarda mövqe səhvlərinə yol verdik.
- Təkbətək epizodlarda rəqib daha üstün təsir bağışlayırdı. Onlara niyə belə asanlıqla uduzurdunuz?
- Niyə ki? Biz də onları aldadırdıq.
- Sona yaxın əvəzetmə istədiniz. Yorulmuşdunuz?
- Özüm üçün deyil, komanda yoldaşım Rəşad Eyyubov üçün istəyirdim. Çünki o zədələnmişdi. Amma artıq 3 əvəzetmənin edildiyindən xəbəri yox idi.
- Hücumda niyə çoxala bilmirdiniz?
- Bizdə heyət müdafiəyə meyilli idi. Rəqibi sürətli hücumlarda tutmalı idik. Bizi cinahlara atmaqda məqsəd də sürətlə hücuma çıxmağa hesablanmışdı. Oyunu cinahlardan qurmalı idik.
- Tuğrul Eratın yoxluğu hücumda hiss olundumu?
- Əlbəttə, hiss olundu. Erat səfərdəki oyunda Norveçə 2 qol vurmuşdu. O, komandaya xeyir verən futbolçudur. Belə oyunçuların yoxluğu hər addımda görünür.
- Son günlərdə “Xəzər Lənkəran”dan ayrılacağınızla bağlı xəbərlər yayılıb. Hansı komandaya keçirsiniz?
- “Xəzər Lənkəran”dan heç yerə getmirəm. Bunlar yalan xəbərlərdir. Komandada qalıram. Hələ 1 illik müqaviləm var. Təkliflər almışam, amma dəyərləndirməyəcəm.
- Baş məşqçi dəyişikliyinin tez-tez baş verməsini özünü başqa klubda sınamağına səbəb ola bilərmi?
- Bunun mənə aidiyyatı yoxdur. Heç bir kluba getmirəm. Qalıb, komandama xeyir vermək istəyirəm.