“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri gələcək taleyi ilə bağlı qərar qəbul edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis komandasını dəyişməyəcək.
Bir müddət əvvəl “Çelsi”nin maraq dairəsində olan Alleqri “Yuventus”da qalmaq qərarına gəlib. 48 yaşlı çalışdırıcı klubu ilə artıq yeni müqavilə imzalamağa da razılıq verib. Anlaşmaya əsasən, italyan mütəxəssis klubu ilə müqaviləsinin müddətini 2019-cu ilə qədər uzadacaq. İmzalanma mərasiminin Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə cavab qarşılaşmasından sonra keçirilməsi nəzərdə tutulub.
Yeni müqavilədən sonra Alleqrinin məvacibi də artırılacaq. Belə ki, onun illik maaşı 3,5 milyondan 4,5 milyon avroya yüksələcək.
Qeyd edək ki, Massimiliano Alleqrinin “Yuve” ilə hazırkı müqavilə müddəti 2017-ci ilin yayına qədərdi. Onun rəhbərliyi altında “qoca sinyora” ötən mövsüm A seriyasının, İtaliya Kubokunun və Superkubokunun qalibi olub, Çempionlar Liqasının finalına yüksəlib.