Braziliya yığmasının sabiq üzvü, ikiqat dünya çempionu Ronaldo gənclik illərini yada salıb. Apasport.az saytının məlumatına görə, “Ronaldo və Zinəddin Zidanın dostları” komandası ilə “Sent-Etyen”in keçmiş ulduzları arasında keçirilən xeyriyyə matçında “fenomen” het-trikə imza atıb.
“Kasıblığa qarşı matç” adlanan qarşılaşmada Kafu, Edvin van der Sar, David Trezege, Klarens Zedorf, Karel Poborski, Yuri Corkaeff, Fabyen Bartez, Canluka Zambrotta, Frank de Bur, Ronald de Bur, Karembeu və Cey-Cey Okoça kimi yaxın keçmişin tanınmış futbolçuları da iştirak ediblər. “Sent-Etyen”in 9:7 hesablı qələbəsi ilə başa çatan matçda Ronaldo 3 qol vurduğu halda, Trezege, Zedorf, Corkaeff və Okoça kimi oyunçular hərəyə 1 dəfə fərqləniblər.
Görüşü 33913 azarkeş izləyib. Biletlərin satışından və teleyayımdan 190 min dollar gəlir əldə olunub ki, həmin məbləğ Filippində tayfundan əziyyət çəkənlərə xeyriyyə üçün yaradılan fonda köçürülüb.
Qeyd edək ki, “Kasıblığa qarşı matç” 2003-cü ildən bəri ildə bir dəfə keçirilir. Keçən il bu görüş İsveçrənin Bern şəhərində baş tutmuşdu.