ABŞ klubu “Monreal İmpakt”ın hücumçusu Didye Droqba karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bundan sonra məşqçi kimi fəaliyyət göstərmək fikrindədi.
“Çelsi”də köməkçi məşqçi kimi çalışmaq təklifi Fil Dişi Sahili millisinin sabiq üzvü üçün daha cəlbedici olub. Bu üzdən də Droqba MLS liqasında çıxış edən “Monreal İmpakt” rəhbərliyi ilə görüşərək, karyerasını bitirəcəyini onlara bildirib.
37 yaşlı forvardın klubu ilə müqavilə müddəti 2017-ci ilə qədər olduğundan, “Çelsi” bu keçidin müqabilində qarşı tərəfə təzminat haqqı ödəməyə də hazırdı.
Qus Hiddinkin köməkçisi olmağa razılıq verən Droqba gələn ay məşqçi kimi debüt edə bilər. Belə ki, onun 16 fevralda Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində PSJ ilə qarşılaşmada məşqçilər korpusunda yer alması gözlənilir.
Qeyd edək ki, ötən il “Monreal İmpakt”a keçən Didye Droqba bu komandanın heyətində keçirdiyi 12 oyunda 12 qola imza atıb.