Elnur Allahverdiyev “Qarabağ”a qarşı oynamayacaq
11.03.2014 - 15:19
Elnur Allahverdiyev “Qarabağ”a qarşı oynamayacaq

“Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev sabah “Qarabağ”la ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə meydana çıxa bilməyəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın müdafiəçisi cəzalıdır.

 

Belə ki, təcrübəli futbolçu hələ ötən mövsüm “Xəzər Lənkəran”da oynadığı vaxt aldığı sanksiyanın cəzasını çəkir. Ötən ilin mayın 28-də ölkə kubokunun finalında “Xəzər Lənkəran”la “Neftçi”nin böyük qalmaqalla yadda qalan görüşündən sonra İntizam Komitəsi çox kəskin qərarlar vermişdi. Mayın 30-da qəbul edilən qərarlardan biri dava-dalaşda iştirak etdiyi üçün “Xəzər Lənkəran”ın futbolçusu olan Allahverdiyevin 6 oyunluq cəzalanması ilə bağlı idi.

 

Bu üzdən Elnur komandasının dekabrın 4-də ölkə kubokunun 1/8 final mərhələsinin Qəbələdə keçirilən “Mil-Muğan”la görüşünü buraxmalı olmuşdu. “Qəbələ”nin finala kimi irəliləyəcəyini və həlledici görüşə kimi 5 oyuna çıxacağını ehtimal etsək, o zaman görərik ki, Allahverdiyevə bu mövsüm “Qəbələ” ilə kubok matçında debüt etmək qismət olmayacaq.

 

Qeyd edək ki, hazırda arxa xətdə ciddi problemlər yaşayan “Qəbələ” Rafael Santosun da xidmətindən məhrumdur. Braziliyalı mərkəz müdafiəçisi zədədən əziyyət çəkir.

0