Əmrah Çəlikəl: ... Qurban Qurbanov hamıdan yaxşı bilir - MÜSAHİBƏ
14.03.2014 - 12:09
Əmrah Çəlikəl: ... Qurban Qurbanov hamıdan yaxşı bilir - MÜSAHİBƏ

“Qarabağ” klubunun icraçı-direktoru Əmrah Çəlikəlin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasında vahid lider olan komandanız çempionluq yarışında ən yaxın rəqibini qabaqlayır ki, bu da son illərdə rast gəlmədiyimiz bir mənzərədir. Əvvəlki komanda ilə indiki arasında nə kimi fərqlər var? “Qarabağ”ın zirvədə olmasını nə ilə bağlayırsınız?

- Artıq neçə ildir futbolçularımız bir yerdə oynayırlar, komandanın özəyini dəyişdirmirik. İldən-ilə daha təkmilləşdik. Səhvlərimizdən nəticə çıxardaraq, addımlar atdıq. Kollektivdə yüksək səviyyədə birlik-bərabərlik var. Tək hədəf üçün mübarizə aparırıq.

 

- “Qarabağ”ın lider olmasında rəqiblərinizin müəyyən problemlərlə üzləşməsi də az rol oynamır. Hər halda, məsələn, “Neftçi” həmin “Neftçi” deyil...

- Bunlar bizi üçün maraqlı deyil. Heç vaxt istəmərik ki, hansısa komandada problemlər yaşansın, çətinliklə üzləşsinlər. Hər kəs öz işinə baxmalıdır.

 

- Ən yaxın izləyicilərinizdən 10 xal öndəsiniz. Artıq “Qarabağ”a çempion gözü ilə baxanlar da var. Bu üstünlüyü əldən verəcəyinizi güman edirsiniz?

- “Qarabağ”a çempion gözü ilə baxmaq çox erkəndir. Qarşıda 11 tur var. Düşünürəm ki, indi daha da diqqətli olmalıyıq. Arxayınçılığa yer yoxdur.

 

- Premyer Liqada çempionluq öz yerində, “qızıl dubl” etmək imkanınız da var. Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Qəbələ” ilə bərabərə qaldınız (0:0). Yarımfinala yüksəlmək şansınızı necə dəyərləndirirsiniz?

- “Qızıl dubl” hər bir komandanın arzusudur. Biz də maksimum nəticə vermək üçün çalışırıq.

 

- “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç XXV turda sizinlə oyundan sonra bildirdi ki, bura yeni gələndə, ona bu mövsüm “Qarabağ”ın çempion olacağı söylənilib. Sizcə, serbiyalı mütəxəssis bununla nə demək istəyir?

- “Qarabağ”ın göstərdiyi oyun göz qabağındadır. Niyə belə söylədiyini Pantiçin özündən və ona belə şey deyənlərdən soruşmaq lazımdır.

 

- Necə düşünürsünüz, kim ona belə bir söz deyə bilər?

- Heç bir fikrim yoxdur. Pantiçin üzünü bir neçə dəfə görmüşəm. Yəqin ki, komandamızın, baş məşqçimizin səviyyəsini nəzərə alaraq, belə deyiblər.

 

- “Qarabağ”ın keçirdiyi oyunlara nəzər salsaq, əsasən nisbətən zəif rəqiblərlə görüşlərdə xal itirdiyini görərik. Bu həmin rəqibləri düzgün qiymətləndirməməkdən irəli gəlir?

- Bir çox səbəblər ola bilər. Biz hər bir matçı analiz edib, çatışmazlıqları aradan qaldırmaq üçün lazımı tədbir görürük.

 

- Hazırda “Qarabağ”ın ən zəif yeri hansı mövqedir? Daha səviyyəli mərkəz hücumçusuna ehtiyac duyduğunuzu söyləmək olar?

- Bu barədə nəsə deməyim düzgün olmaz. Zəif və güclü tərəflərimizi baş məşqçi Qurban Qurbanov hamıdan yaxşı bilir.

 

- “Qarabağ”ın liderliyindən legioner futbolçuların böyük rolu var. Təbii ki, onların inamlı çıxışı başqa klubların da diqqətindən yayınmır. Reynaldo Silva, Riçard Almeyda, Leroy Corc kimi futbolçuları əldən buraxmamaq üçün lazımı tədbirlər görürsünüz?

- Əksər futbolçularla uzun müddətli müqavilələrimiz var. Hazırda “Qarabağ”ı tərk etmək istəyən futbolçu yoxdur. Gedən varsa, qarşısını almırıq.

0