FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatını diqqətdə saxlayır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ali futbol qurumu, xüsusən də, stadionların ot örtüyünün mundial zamanı ideal olmasına çalışır.
Bu üzdən qurum yarışın startına iki ay qalmışdan oyunların keçiriləcəyi stadionlarda konsertlərin verilməsini qadağan edib. Bununla bağlı açıqlamada qadağaya səbəb kimi stadionların zərər görməsinin və ot örtüyünün keyfiyyətinin aşağı düşməsinin qarşısını almaq göstərilib. Çünki builki Avropa çempionatında keçirilən Fransa – Albaniya matçından bir neçə gün öncə “Velodrom” stadionunda konsert təşkil edildiyi üçün meydança yararsız hala düşmüşdü. Bu isə hər iki komandanın baş məşqçisinin narazılığına səbəb olmuşdu.
Qeyd edək ki, Rusiyanın 11 fərqli şəhərində keçiriləcək dünya çempionatı 2018-ci il iyunun 14-də “Lujniki” stadionunda baş tutacaq açılış qarşılaşması ilə start götürəcək. Mundialın final görüşü isə iyulun 15-nə təsadüf edəcək.