Avropanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da qış “transfer pəncərəsi” sönük keçdi. Apasport.az saytının məlumatına görə, komandalarımızın başı maliyyə problemlərinə qarışdığından, azarkeşlər bu qış ciddi transferlər görmədilər.
Bunu əminliklə son illərin ən uğursuz transfer dönəmi saymaq olar. Doğrudu, Avropanın böyük futbol ölkələrində də supertransfer, demək olar ki, baş tutmadı. Çünki adətən qış fasiləsində güclü oyunçu almaq çox çətin olur. Ancaq Azərbaycanda bu dönəmin sönük keçməsinin səbəbi bu yox, məhz maliyyə problemi oldu.
Klub rəhbərlərinin əksəriyyəti büdcələri azaltdı, maaşları yarı-yarıya endirdi və başları daha çox PFL-ə olan borca qarışdı. Belə bir ərəfədə ölkəmizə əcnəbi axınının olmasını gözləmək yersiz olardı. Cəmi 4 əcnəbi oyunçu ölkəmizə gəldi ki, bunlardan 2-si yayda Azərbaycanı tərk edənlər idi. Belə ki, həm Muarem Muarem, həm də Sezar Meza Kolli yayda ayrıldığı komandaya qayıtdı. Əcnəbilərdən yalnız Yasin Həmid və Adan Koronado ölkəmizdə yenidi.
“Qarabağ”
Heyətdə ciddi dəyişiklik etməyi xoşlamayan Qurban Qurbanov bu dəfə fərqli mövqe tutdu. Əsas heyət üzvlərindən Çumbinyo və Elvin Məmmədovun son günlərdə gedişi gözlənilməz oldu. Ötən yay uğursuz transferlərlə yadda qalan ağdamlıların həmin vaxt gətirdikləri Vladimir Dmitrovski və Raydell Pupon ümidləri doğrultmadıqları üçün yola salındılar. Əlhərbi Əl-Jadeyui və Migel Madera isə özlərinə yeni komanda tapa bilmədikləri üçün mövsümün sonuna qədər “ağ-qaralar”da qalası oldular. Ağır zədədən qayıdan Namiq Ələsgərov və gələcək vəd edən Vüqar Mustafayev isə oyun praktikası toplaması üçün icarəyə verildi. Gedənlərlə müqayisədə “Qarabağ” cəmi 2 önəmli transfer həyata keçirdi. Hər halda, Rahid Əmirquliyev və Muarem Muaremin komandanı gücləndirəcəyinə şübhə yoxdu. Bu iki oyunçunu Azərbaycanda qış fasiləsinin ən önəmli keçidləri də saymaq olar. Komandaya gələn digər oyunçular isə gələcək üçün düşünülmüş gənclərdi.
“İnter”
Ciddi böhran içində olan və hətta yaşamasına son anda qərar verilən “İnter”də islahatlar qaçılmaz idi. Maaşlarda ciddi şəkildə endirim olduğundan, bir neçə oyunçu “bankirlər”i tərk etdi. Amma gedən 6 əcnəbidən ən çox Dieqo Martinsin yoxluğu hiss olunacaq. Digərlərinin yerini yerli oyunçular da layiqincə tuta bilərlər. Paytaxt klubunun ən böyük itkisi, şübhəsiz ki, Səlahət Ağayev oldu. Ancaq kapitanın yeri millimizin digər qapıçısı Kamran Ağayevlə dolduruldu. Kamranla yanaşı, gənc Qara Qarayev də legioner həyatına son qoyub “İnter”in yolunu tutdu. Mövsümün əvvəlində “İnter”dən ayrıldıqdan bəri klubsuz qalan Sezar Meza Kollinin dönüşü məcburi atılmış addım idi. Çünki “İnter”də ciddi hücumçu problemi var. Vüqar Nadirov da formaya düşərsə, bu komandaya xeyir verəcək oyunçudu.
“Zirə”
Premyer Liqanın debütantı düz 8 futbolçunu yola saldı. Lakin bununla “Zirə”nin zəiflədiyini demək olmaz. Çünki bakılılar onlara lazım olmayanlarla vidalaşdı. Əvəzində isə Vüqar Mustafayev və Elvin Məmmədov kimi futbolçularla gücləndi. Xüsusən də, milli üzvü olan Məmmədov “Zirə”nin gücünə güc qatacaq. Elə gənc Mustafayev də istedadını “Qarabağ”da nümayiş etdirməyi bacarıb. Qol duyumu yaxşı olan Nurlan Novruzovun yenidən icarəyə götürülməsi də “Zirə” üçün üstünlükdü.
“Qəbələ”
Doğrudu, “Qəbələ” 5 oyunçusunu yola saldı. Amma həmin futbolçular, onsuz da, Roman Qriqorçuka lazım deyildilər. Yayda PAOK-dan icarəyə götürülən argentinalı hücumçu Fakundo Pereyra gəldiyi kimi də getdi. “İnter”də parlaq çıxışı ilə seçilən Derlis Meza Kolli “Qəbələ”də eyni oyunu sərgiləyə bilmədi. George Floreskunun isə başı yalnız zədələrə qarışmışdı. Vüqar Nadirov və Vaqif Cavadovun da 6 ay ərzində komandadakı varlıqları ilə yoxluqları bilinmədi. Bir sözlə, mövsümün əvvəlində gələn bu 5 oyunçunun “qırmızı-qaralar”a bir xeyri olmadı. Yeni müqavilə imzalayan Rafael Santos və “Kəpəz”dən alınan Rəşad Eyyubovun şimallılara köməyi dəyəcək. Bundan fərqli, kifayət qədər cinah müdafiəçisi olmasına baxmayaraq, Ukraynadan gətirilən Pavel Paşayevin indiki vəziyyətdə əsas heyətə düşməsi çətin görünür.
“Kəpəz”
Mövsümün sürpriz komandası “Kəpəz” heyətin özəyini qorumağı bacardı. Yola salınan 5 oyunçudan yalnız Rəşad Eyyubovun gedişi baş məşqçi Şahin Diniyevin planlarına təsir edə bilər. Ancaq “Qarabağ”dan icarəyə götürülən Namiq Ələsgərov əvvəlki formasını bərpa edə bilsə, Eyyubovu unutdurmağı bacaracaq.
“Neftçi”
“Neftçi” qış fasiləsinin ən passiv komandalarından biri oldu. Yola salınanlardan Əziz Quliyev və Miçal Peskoviç, onsuz da, bir işə yaramırdılar. Yalnız son anda karyerasını İsraildə davam etdirmək istəyən Kaue da Silvanın gedişi bakılıların oyununa mənfi mənada təsir göstərə bilər. Onun boşluğu isə barışmaz rəqib olan “Xəzər Lənkəran”lı Elşən Rzazadə ilə dolduruldu. Ancaq gənc yarımmüdafiəçinin Kaueni necə əvəz edəcəyini meydandakı oyunu göstərəcək.
AZAL
“Təyyarəçilər” hələ ikinci dövrənin gedişində meksikalı Adan Koronado ilə anlaşmışdı. Fasilə dönəmində isə Tərlan Əhmədov digər komandalara lazım olmayan 4 futbolçunu heyətə cəlb etdi. Onlardan Hacı Əhmədov və Mirzağa Hüseynpurun Premyer Liqa təcrübəsi heç də az deyil. İcarə müddəti başa çatdığı üçün komandadan ayrılan Müşfiq Teymurov isə əsas heyət üzvü deyildi.
“Sumqayıt”
Qış transfer dönəminin tək-tük fəal komandalarından biri də “Sumqayıt” oldu. Səlahət Ağayev, Rasim Ramaldanov və Vaqif Cavadov hazırkı vəziyyətdə “gənclik şəhəri” təmsilçisini gücləndirəcək oyunçulardı. Həmçinin Nicat Muxtarov da baş məşqçi Samir Abasovun işinə yarayacaq. “Sumqayıt” 7 nəfəri yola salsa da, onların gedişinin komandaya heç bir mənfi təsiri olmayacaq. Çünki məşqçilər korpusu həmin futbolçulara güvənmirdi. Onların içində ən çox meydana çıxan Şahruddin Məhəmmədəliyev idi ki, çərçivəyə ondan qat-qat güclü olan Səlahət gətirildi.
“Xəzər Lənkəran”
Transfer qadağasının müddəti başa çatdığından, “Xəzər Lənkəran”ın heyətini gücləndirəcəyi deyilirdi. Lakin tam tərsinə oldu. Komandanı ayaqda saxlayan 3-4 təcrübəli futbolçu da ayrıldı. Əlbəttə ki, gənclər Rahid Əmirquliyev, Rasim Ramaldanov, Sadio Tounkara və Manuel Skarlatake kimi futbolçuların yoxluğunu doldura bilməzlər. “Neftçi”yə keçən Elşən Rzazadə də aparıcı oyunçulardan idi. Baş məşqçi dəyişikliyi də edən cənubluların aldıqları ən güclü futbolçu Nodar Məmmədov oldu. Adətən böyük transferlər etməsinə öyrəşdiyimiz “Xəzər Lənkəran”ın bu qış gətirdiyi 7 oyunçu əvvəllər heç qapıdan içəri buraxılmazdılar.
“Rəvan”
Fəaliyyətini candərdi davam etdirən “Rəvan” da maliyyə böhranı içində batmaq üzrədi. Təsadüfi deyil ki, 12 oyunçu “sarı-qırmızılılar”ı tərk etdi. Komandada qalan son iki əcnəbi Şeriff Suma və Kostyantin Maxnovski də getmək qərarına gəldilər. Baş məşqçi Bəhmən Həsənov yalnız digər komandalara lazım olmayan 6 oyunçunu heyətə cəlb edə bildi. Onların içindən ancaq Mirkamil Həşimlini fərqləndirmək olar. Lakin o da təcrübəsizlikdən və oyun praktikasının azlığından əziyyət çəkir.
Ruslan SADIQOV
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"