AFFA İntizam Komitəsi (İK) “Bakı”nın əvəzediciləri ilə yanaşı, daha bir neçə komandaya texniki məğlubiyyət verib. Apasport.az saytının məlumatına görə, bu cəzanın ikisi oyuna çıxmamağa görə yox, nizamnamə qaydaları pozulduğu üçün kəsilib.
Belə ki, Bakcell U-17 Liqasında baş tutan iki qarşılaşmanın nəticəsi ləğv edilib. Məsələ burasındadı ki, “Neftçi PFK” – “Neftçi İK İB” matçında qonaqlar, “Sumqayıt” – “Qəbələ” görüşündə isə ev sahibləri cəzalı futbolçunu meydançaya buraxıblar.
“Neftçi İK İB”də Elşad Kazımov, “Sumqayıt”da isə Murad Məmmədxanov cəzalı olduqları halda meydançaya çıxıblar. Bu səbəbdən də hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bundan əlavə, U-19 Liqasının “Simurq” – “Bakı”, U-16 Liqasının “Turan Tovuz” – “Bakı” və “Xəzər Lənkəran” – “Simurq”, eyni zamanda U-15 Liqasının “Vətən” – “Simurq” oyunlarında qonaq komandalar iştirak etmədiklərinə görə, onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.