[b]AFFA meydana daxil olan cəzalı məşqçiylə bağlı qərar verdi[/b]
12.04.2016 - 13:00
[b]AFFA meydana daxil olan cəzalı məşqçiylə bağlı qərar verdi[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIX turunda xoşagəlməz hadisə yaşanmadığından əsas diqqət I divizionda baş verənlərə yönəlib.

 

XXI turun “Şəmkir” – “Neftçala” matçında yaşananları da müzakirə edən komitə üzvləri müvafiq qərarlar çıxarıb. Qarşılaşma başa çatdıqdan sonra “Şəmkir”in futbolçusu Müşfiq Teymurov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, bu üzdən 4 oyun cəzalanıb və klubunu 400 manat ziyana salıb.

 

Matçdan sonra “Şəmkir”in həkimi Bayram Bayramov da hakimi təhqir edib. Onun cəzası daha ağır olub. 5 oyun cəzalanan həkimə görə klubu 500 manat ödəyəcək.

 

Qərblilərin baş məşqçisi Kamran Əlibabayev isə cəzalı olsa da yenidən xoşagəlməz hadisələrin iştirakçısı olub. İntizam Komitəsi tərəfindən 5 oyunluq texniki zonaya giriş qadağası qoyulmasına baxmayaraq, “Neftçala” ilə görüşün 68-ci dəqiqəsində tribunadan meydançaya daxil olub, hakimə qarşı öz etirazını bildirib. Bu səbəbdən də baş məşqçiyə verilmiş cəzaya 1 oyun əlavə olunub. Bu hall yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcəkdir.

 

“Zaqatala” ilə matçın 45+2-ci dəqiqəsində “Şərurspor”un futbolçusu Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

 

“Bakılı” ilə görüşün 76-cı dəqiqəsində “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.