Çimərlik futbolu üzrə Azərbaycan millisi FİFA Dünya Kuboku-2017 turnirində ikinci oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, İtaliyanın Yezolo şəhərində təşkil olunan Avropa komandaları arasında seçmə mərhələnin növbəti raundunda yığmamız İsveçrə ilə qarşılaşıb.
Dünən İspaniya üzərində 4:2 hesablı qələbə qazanan yığmamız bu dəfə meydanı başıaşağı tərk edib. Komandamız rəqib qapısından 6 top keçirsə də, bu, məğlubiyyətə mane olmayıb. Asif Zeynalovun 2, Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanovun hərəyə 1 qol vurduğu qarşılaşmada İsveçrə 7:6 hesablı qalibiyyətə sevinib. Qrupun digər oyununda İspaniya Türkiyə üzərində 8:2 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, yığmamız növbəti matçını sabah Türkiyəyə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.