“Barselona”nın və Braziliya millisinin hücumçusu Neymarın Kataloniya klubuna transferi zamanı qanunsuzluğa yol verməsiylə bağlı açılmış istintaq işi dayandırılıb. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.
Belə ki, İspaniya məhkəməsi Braziliyanın DİS şirkətinin futbolçuya qarşı olan iddiasının əsassız olması barədə qərar qəbul edib.
Futbolçunun transferində 40 faizlik pay sahibi olan şirkət, hücumçunun 2013-cü ildə "Barselona"ya transferi zamanı qanunsuzluğa yol verilərək, transfer məbləğinin qəsdən az göstərildiyini və onlara az vəsait ödənildiyini iddia edirdi.
Qeyd edək ki, Neymarla bağlı İspaniya Prokurorluğunda davam edən daha bir istintaqa yekun vurulması gözlənilir. Belə ki, "Barsa" rəhbərliyi Neymarın kluba transferi zamanı ödənmiş məbləğin səhv göstərilməsinə görə başladılan istintaq işini 5,5 milyon avro məbləğində vəsait ödəməklə bağlamağı planlaşdırır.
İyulun 11-də, prokurorluq və klub arasında imzalanacaq bir müqaviləylə bu məsələyə də yekun vurulacağı gözlənilir.