[b]ON(un) arzusu ilə[/b]
10.10.2016 - 18:16
[b]ON(un) arzusu ilə[/b]

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinin sabahkı qarşılaşmasına qələbə iddiası ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamız Çexiya ilə səfər matçında qələbə, ən pis halda isə xal qazansa, yubiley uğuruna imza atacaq.

 

Ostrava şəhərindəki qarşılaşma millinin tarixinə seçmə mərhələlərdə xal qazandığımız 10-cu səfər matçı kimi düşə bilər. Belə ki, yığmamız indiyədək rəqib meydanlarında keçirdiyi 55 oyundan 9-da uduzmayıb.

 

Səfərdə 46 yenilgisi olan yığmamız 10-cu uğurun astanasındadı. Rəqib meydanlarında cəmi 2 qələbəsi olan komandamız 7 dəfə 1 xalla kifayətlənib.

 

Debüt etdiyimiz AÇ-1996-dan başlayaraq, uzun müddət səfər sindromundan əziyyət çəkən futbolçularımız ardıcıl 4 tsikldə rəqib meydanlarında xal qazanmayıb. AÇ-1996, DÇ-1998, AÇ-2000 və DÇ-2002-də yığmamız səfər xalı nə olduğunu bilməyib.

 

Tilsimi Əsgər Abdullayevin baş məşqçisi olduğu yığma 2003-cü ildə qırıb. Yerli klubların oyunçularını milliyə buraxmadığı vaxtda, sınıq-salxaq heyətlə Podqoritsaya yollanan komandamız Serbiya və Çernoqoriya ilə görüşdə məhsuldar heç-heçəyə sevinib – 2:2.

 

Növbəti səfər xalını 4 il gözləmək lazım gəlib. AÇ-2008-in seçmə oyununda yığmamız Qazaxıstandan xalla dönüb. Mundiallardakı ilk səfər xalımız qələbə ilə gəlib. Rəqib meydanlarında ilk qələbə kimi tarixə düşən matç DÇ-2010-un Lixtenşteyndəki qarşılaşması olub.

 

DÇ-2014-də isə millimiz rekorda imza atıb. 3 səfər oyununda uduzmayan futbolçularımız Şimali İrlandiya, Lüksemburq və İsraildən heç-heçəylə dönüb. AÇ-2016-da isə Norveç və Malta səfərləri bərabərliklə başa çatıb. Tarixinin 2-ci səfər qələbəsi ilə başlanan DÇ-2018-də isə yeni rekord da rəsmiləşə bilər. İndiyədək heç vaxt bir tsikldə 3-dən artıq xal qazanmayan komandamız Ostravada aktivindəki üç xalı 4 və ya 6-ya da yüksəldə bilər.

 

Yığmamızın seçmə mərhələdəki səfər xalları

12.02.2003. Podqoritsa. AÇ-2004. Serbiya və Çernoqoriya – Azərbaycan - 2:2

06.06.2007. Almatı. AÇ-2008. Qazaxıstan – Azərbaycan - 1:1

10.10.2009. Vaduts. DÇ-2010. Lixtenşteyn - Azərbaycan - 0:2

14.11.2012. Belfast. DÇ-2014. Şimali İrlandiya – Azərbaycan - 1:1

22.11.2013. Lüksemburq. DÇ-2014. Lüksemburq – Azərbaycan - 0:0

07.09.2013. Ramat-Qan. DÇ-2014. İsrail – Azərbaycan - 1:1

12.06.2015. Oslo. AÇ-2016. Norveç – Azərbaycan - 0:0

06.09.2015. Ta-Qali. AÇ-2016. Malta – Azərbaycan - 2:2

04.09.2016. Serravalle. DÇ-2018. San-Marino – Azərbaycan - 0:1

0