“Qəbələ”nin futbolçusu Filip Ozobiç Azərbaycan klublarını xarici yığmalarda təmsil edən oyunçular siyahısına düşməyə yaxındı. Apasport.az saytının məlumatına görə, Xorvatiya millisinə dəvət alan 25 yaşlı yarımmüdafiəçi Çində keçiriləcək beynəlxalq turnirə yollanacaq.
Ozobiç Nannin şəhərində meydana çıxsa, Xorvatiya kimi güclü milli komanda da Azərbaycanda çıxış edən futbolçudan yararlanan ölkələrdən olacaq. Klublarımızın indiyədək neçə yığmaya futbolçu verməsi, həmçinin neçə komandamızın bunu bacardığı maraq doğurur. Söhbət Avropa yığmalarından gedir.
Azərbaycan klublarının üzvlərinin “Köhnə qitə” yığmalarındakı çıxışları tarixinə nəzər salsaq, ilk “qaranquş”lar 2004-cü ildə peyda olub. Arxada qalan 12 ildə 10 komandamız belə futbolçuları ilə öyünüb.
Ölkələrə baxsaq, futbolçularımız indiyədək 11 yığmada çıxış edib. Onlar arasında rekord Latviyaya məxsusdu. Orada daha çox - 7 klubumuzun üzvləri çıxış edib. Bunlar “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Bakı”, “İnter”, AZAL VƏ “Simurq”du. Moldovaya 6 klubumuz oyunçu ezam edib. Bunlar “Xəzər Lənkəran”, “Neftçi”, AZAL, “Bakı”, “Simurq” və “Standard”dı.
Makedoniyada da 6 komandamız – “Neftçi”, “Xəzər Lənkəran”, “MKT-Araz”, “İnter”, AZAL və “Qarabağ” təmsil olunub. “Simurq”, AZAL, “Inter”, “Bakı” və “Neftçi” Litva millisinə oyunçu verib. “Qarabağ”, “Bakı”, “İnter” və “Standard”ın oyunçuları Gürcüstan yığmasında çıxış edib. Qonşularımız kimi Estoniyada da bu rəqəm 4-dü. “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” və “İnter” Baltikyanı ölkə təmsilçisinə futbolçu verib.
Bu 6 yığmadan fərqli, digər millilər bir neçə komandamızın heyətinə göz dikib. Albaniya ilə Bosniya və Herseqovina hərəyə 2, Sloveniya, Serbiya, Belarus isə cəmi 1 klubun üzvünə rəsmi matçlarda şans verib.
Göründüyü kimi komandalarımız keçmiş SSRİ-nin 6, sabiq Yuqoslaviyanın 4 yığmasına, həmçinin Albaniyaya oyunçu göndərib. Bu siyahıda 12-ci ölkə olmağa yaxın Xorvatiya yuqoslaviyalıların 5-ci millisi ola bilər.
Klublara gəlincə, “İnter” rekord sayda Avropanın 6 yığmasına oyunçu göndərib. Bunlar Latviya, Gürcüstan, Estoniya, Litva, Belarus və Makedoniyadı. Son illərdə belə oyunçuları ilə öyünən “Qarabağ” beş - Albaniya, Latviya, Gürcüstan, Makedoniya və Bosniya və Herseqovina millidə təmsil olunub.
AZAL (Moldova, Latviya, Albaniya, Litva, Makedoniya) və “Qəbələ” (Estoniya, Sloveniya, Serbiya, Latviya, Bosniya və Herseqovina) də “Qarabağ” kimi 5 xarici yığmada təmsil olunub. Ozobiç Xorvatiya millisində debüt etsə, “qırmızı-qaralar” “İnter”in rekordunu tərkrarlayacaq.
“Neftçi” (Estoniya, Makedoniya, Moldova Litva), “Xəzər Lənkəran” (Estoniya, Moldova, Makedoniya, Latviya) və “Bakı” (Latviya, Litva, Moldova, Gürcüstan) hərəyə 4 ölkədə yığma üzvünə malik olub.
3 klubumuz isə daha az ölkədə təmsilçisi olması ilə fərqlənib. “Simurq”un üzvləri Latviya, Litva, Moldova, “Standard”lılar Moldova, Gürcüstanda oynayıbsa, “MKT-Araz” yalnız Makedoniyaya oyunçu göndərib.