Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə "Braqa"yla qarşılaşacaq "Fənərbaxça"nın baş məşqçisi Vitor Pereyra matçla bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis səfər oyununda müdafiədə oturmayacaqlarını deyib:
"Öz oyunumuzu oynayacağıq. Biz başqa oyun tərzi bilmirik. Artıq neçə aydı yalnız bir oyun tərzi üzərində çalışırıq. Komandamdan həmişəki oyunumuzu sərgiləmələrini istəyirəm. Bura müdafiədə oturmağa gəlməmişik. Qələbə üçün gəlmişik, ancaq komandanın gücündən düzgün istifadə etməliyik.
Qarşıda bizi çempionluq yolunda çox önəmli matç olan "Qalatasaray"la qarşılaşma gözləyir. Həmin oyunu da düşünməliyik".
Bu komandalar arasında İstanbulda baş tutmuş ilk oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə nəticələnmişdi.
Qeyd edək ki, "Braqa" - "Fənərbaxça" oyunu martın 17-də, saat 00:05-də start götürəcək.