21 yaşadək futbolçular arasında Avropa çempionatının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının seçmə mərhələdə çıxışını başa vurduğu yarışın həlledici raunduna son iki vəsiqə uğrunda mübarizə aparacaq cütlər bəlli olub.
Final mərhələsinə çıxmaq iddiasında olanların pley-off oyunlarında Avstriya İspaniya ilə Norveç isə Serbiya ilə görüşəcək. Qarşılaşmalar noyabrın 11-də və 15-də keçiriləcək. Seçmə mərhələdə Azərbaycanla eyni qrupda yer alan Avstriya, həmçinin Serbiya ilk matçlarda ev sahibi olacaq.
Qeyd edək ki, Polşada keçiriləcək AÇ-2017 gələn il iyunun 16-30-da baş tutacaq.