Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov karyerasını hazırkı klubu “Aue”də davam etdirəcək. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, bunu II Bundesliqa klubunun prezidenti Helge Leonardt deyib.
O bildirib ki, Nazarovun gələn ilin yayına qədər olan müqavilə müddətini daha 2 və ya 3 il müddətinə uzatmaq fikrindədilər. Bu məqsədlə Leonardt müşaviri Andreas Kirxlə birlikdə yığmamızın üzvü ilə görüşüb. Prezident görüşlə bağlı bunları deyib: “Dima ilə gələcəyimizi parlaq görürük. Onunla bunu müzakirə etdik. Danışığımız müsbət məcrada keçdi. Hər şey yolunda getsə, tezliklə onunla yeni müqavilə imzalayacağıq”.
27 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Bundesliqada oynamaq arzusunda olduğunu bildirib: “Burda özümü rahat hiss edirəm. “Aue”nin həm kollektivi, həm də azarkeşləri ürəyimcədi. Burdakı mühit inkişaf üçün olduqca səmərəlidi. Komandada Martin Mannel kimi təcrübəli oyunçu var. Ötən mövsümün sonlarını yaxşı keçirdik. Ümid edirəm ki, yeni mövsümdə də qaldığımız yerdən davam edərik və Bundesliqaya vəsiqə qazanarıq. Çünki artıq əsas çempionatda mübarizə aparmaq istəyirəm”.
Futbolçu həmçinin zədəsini sağaltmaq üçün məşqlərə başladığını əlavə edib. Yığmamızın üzvü hələlik komandadan ayrı, fizioterapevt nəzarəti altında yüngül məşqlərlə kifayətlənir.
Qeyd edək ki, Dmitri Nazarov ötən mövsüm 9 qolla “Aue”nin bombaridiri olub.