Qara Qarayev: Hər şey məhv ola bilər - MÜSAHİBƏ
02.03.2014 - 00:01
Qara Qarayev: Hər şey məhv ola bilər - MÜSAHİBƏ

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Qara Qarayevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXIV turunda “Neftçi” ilə qarşılaşma maraqlı olduğu qədər də gərgin keçdi. Matçın bu qədər gərgin alınmasının səbəbi nədir?

- Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Buna nail olduğumuza görə, şükür edirəm. Həm “Qarabağ”, Həm də “Neftçi” çempionatın iddialı klublarındandır. Çempionluq uğrunda mübarizə apardığımızdan, heç kim uduzmaq istəmirdi. Gərginlik də bundan yaranmışdı.

 

- 4:1 hesablı qələbə qazanacağınızı gözləyirdiniz?

- Vacib olan 3 xal idi. Həm də bu qələbə maraqlı oyunla əldə edildi.

 

- Araz Abdullayevin epizodunda qırmızı vərəqə var idimi?

- Bu haqda danışmaq istəmirəm. Çünki qərarı baş hakim qəbul edib. Orada qırmızı vərəqənin olub-olmadığına oyunun təkrarına baxdıqdan sonra fikir bildirmək olar. İstənilən halda, qərar verilib.

 

- “Neftçi” rəhbərliyi həmin anı oyunun qırılma nöqtəsi kimi dəyərləndirir. Bu fikirlə razısınızmı?

- Biz öz işimizi gördük. Çıxdıq, oynadıq, layiq olduğumuz və istədiyimiz qələbəni qazandıq. Heç kimin fikrinə şərh vermək istəmirəm.

 

- Futbolçuların bir-birinə qarşı aqressiv davranması nədən irəli gəlirdi?

- Oyunla bağlı böyük ajiotaj var idi. Heç kim uduzmaq istəmirdi. Biz daha yaxşı oynadıq və 3 xal qazandıq. Fikrimcə, meydandakı gərginlik matçın maraqlı keçməsindən irəli gəlir.

 

- Zirvədəki yerinizi bir qədər də möhkəmlətdiniz və ən yaxın izləyicinizlə xal fərqini artırdınız. Bu qarşıdakı oyunlardakı çıxışınıza necə təsir edəcək?

- Xal fərqi artdıqca arxayınlaşmaq olmaz. Çünki arxayınlaşsaq, 2-3 tura hər şey məhv ola bilər. Oyuna çıxarkən bu fərq haqda düşünməməliyik. Biz hər bir oyundan maksimum nəticə ilə ayrılmalıyıq.

 

- Komandanızın yüksəlişdə olduğu bir vaxtda bu fasilənin yaranması sizə necə təsir edəcək?

- Bunu zaman göstərəcək. Ancaq bu fasilənin bizə əlavə stimul verəcəyini düşünürəm.

 

- Artıq yığmanın düşərgəsindəsiniz. Təxminən 4 aydır yığışmırdınız...

- Bu cür toplanışlar vacibdir. Millinin üzvləri tez-tez bir araya toplaşmalıdır. Filippinlə oyunumuz var. Təbii ki, 2014-cü ilə qələbə ilə başlamaq istəyirik.

 

- Avro-2016-nın püşkü atıldı. Yığmamızın yer aldığı qrup haqda nə deyə bilərsiniz?

- Çətin qrupa düşmüşük. Amma mümkünsüz heç nə yoxdur. Yaxşı oynayıb, uğurlu nəticələr qazanmalıyıq.

 

- Hər kəs üçüncü yer haqda danışır. Bu yığmamız üçün nə dərəcədə realdır?

- Yaxşı oynasaq, bunun öhdəsindən gəlmək olar. Bir şeyi də unutmayaq ki, qrupumuzdakı digər komandalar da hədiyyə deyillər. Hər birinin məqsədi, istəyi var.

 

0