Qoca qrossmeyster...
18.10.2013 - 09:56
Qoca qrossmeyster...

2014-cü il dünya çempionatının seçmə mərhələsinin başa çatması ilə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun müqaviləsinin sonu yetişdi. Apasport.az saytının məlumatına görə, 6 ildir ölkəmizdə çalışan almaniyalı mütəxəssislə anlaşmanın qarşıdakı aylarda artırılıb-artırılmayacağı yenidən gündəmə gəlib.

Komandamızın Foqtsla imza atdığı, artıq sayını itirdiyimiz rekordlara göz yumanlar, onun yerinə göz dikənlər və onların tərəfdarları almaniyalını getməsini istəyir. Amma 67 yaşlı çalışdırıcının futbolumuzla tanışlığa həsr etdiyi ilk seçmə mərhələdə 5 xal qazanıb rekordumuzu təkrarlaması, sonrakı tsikllərdə isə bu rəqəmi iki-iki artırması da belələrinin gözündən yayınır. Hərçənd, 5-in 7, 7-nin 9 olmasını görməmək mümkün deyil. Foqts getsə, onun yerinə gələcək birisi bu inkişaf tempini davam etdirib rekordu 11-ə çatdıra biləcəkmi? Ya da ən azı 9 xalı yığacaqmı? Yerli məşqçilərlə aldığımız 0:10, 0:7 hesablı məğlubiyyətləri unudub, millini yenidən özümüzünkünə həvalə etmək olarmı? Bütün bunlara AFFA qərar verəcək.

Əslində, Foqtsun getməsi ilə razılaşmaq olar. Qoy, getsin. Amma onun yerinə ən azı onun qədər titullu, sanballı tanınmış birisi gəlməlidir. Beləsini gətirmək üçün isə ən azı Foqtsa veriləndən artığını xərcləmək və onun futbolumuzla tanışlığına daha bir seçmə tsikli qurban vermək lazımdır. Elə isə niyə də mütəxəssis postunda qalmasın?

Bir neçə gün əvvəl Azərbaycan futbolunu kifayət qədər yaxşı tanıyan, bilik və bacarığına hörmət etdiyim birisi ilə Foqtsla bağlı söhbətləşirdik. Onun almaniyalı haqda dedikləri ilə razılaşmamaq olmur. Almaniyalının ölkəmizdəki 3 seçmə mərhələlik fəaliyyətini dəyərləndirən həmin şəxs “bir daha əmin oldum ki, Foqts əsl qrossmeysterdir” deməklə, sonradan fikrini də əsaslandırdı.

Foqtsun futbolçularla məşq keçməkdən daha çox, taktiki-strateji işlər görməsi bizim üçün həqiqətən də yaddır. Onun hər dəfə püşkatmadan sonra Almaniyaya çəkilib, uzun müddət plan cızması, təqvimin qurulmasında istədiyini etməsi üzündən qrossmeysterə bənzədilib.

Həqiqətən də 3 tsikldir yığmamız təqvimin sayəsində rekordlar qırır. Almaniyalı məhz bu üzdən daim həm rekord vurur, həm də müqaviləsinin bitməsi ərəfəsində özü haqda müsbət fikir formalaşdırır. DÇ-2010-un seçmə mərhələsinə baxaq: 8 oyunda cəmi 1 xal toplayan yığmamız son 2 görüşdə qazandığı 4 xalla əla finişə nail oldu. Avro-2012-də isə 6 oyunda 3 xalı olan millimiz 2011-ci ilin sentyabrındakı 2 görüşdə 4 xal əldə etdi. Bununla, yığmamız 7 xal topladı. Bu dəfə isə sentyabr-oktyabr aylarındakı 3 qarşılaşma bizə 5 xal gətirdi.

Təqvimi belə - finiş üçün münasib qurmaq isə bizim üçün həmişə yad olub. Rusiya ilə həm DÇ-2010, həm DÇ-2014-ün seçmə oyunundakı heç-heçələr də bunun nəticəsidir. Foqts son matçın Rusiya üçün əhəmiyyətsizliyini əvvəlcədən görərək onlarla ən sonda qarşılaşmağı məqsədəuyğun sayıb. Birinci dəfə şimallılar 1-ci yer ümidini itirdiyindən , bu dəfə isə 1 xalın yetərli olmasından güclü rəqibə Bakıda uduzmuruq. Hamı yaxşı başa düşür ki, hər 2 halda rəqibə qələbə lazım olsaydı, biz çətin ki xal görərdik. Deməli, hər şey qrossmeysterin qurduğu təqvimə görədi. Elə isə niyə bu qrossmeysteri saxlamayaq?

Təqvimdən söz düşmüşkən, neçə mərhələlər idi təqvim əleyhimizə olurdu. Bizim mütəxəssislər ya təqvim qura bilmir, ya da bunun əhəmiyyətinə varmırdılar. Onlar adətən belə düşünürlər ki, onsuz da bu rəqiblə oynayacağıq, fərqi nədir. Amma Foqts sübut edir ki, fərqi çoxdur. Almaniyalı bilir ki, cücəni payızda sayarlar. Xalı da seçmə mərhələnin sonundakı payızda. Tək illərin payızında – sentyabr-oktyabrda, həmin vaxt müqavilə də başa çatmaq üzrə olur.

Bir məqam da Foqtsun xarizması ilə bağlıdır. Başqa məşqçi lap daha yaxşı təqvim hazırlayıb, oyunların cədvəlinin müəyyənləşdiyi məkana yollansa da, onun cızma-qarası cibində qalacaq. Axı kim Fabio Kapello kimi dahiyə “sizinlə filan vaxt oynayacağam” deyə bilər? Bunu heç bir yerli məşqçi edə bilməz. Amma Foqts üçün Kapello kimdir ki?

Almaniya yığmasını Avropa çempionu edən mütəxəssis qrupumuzdakı istənilən həmkarına öz təqvimini qəbul etdirəcək simadır. Həm Kapello, həm də tanınmayan digər rəqiblərimizin məşqçiləri qitə çempionunun fikrini qəbul etməyə razı olurlar. Onun hansı millidə çalışmağından asılı olmayaraq.

Bəlkə də kiminsə ağlının ucundan belə bir şey keçəcək ki, Foqts Almaniyanı çempion edib. Amma belə deyil. Bundestimə uğur qazandırmaq asandır ki? Foqtsdan sonra almanlar da titula həsrətdir. 17 ildir heç kim onun uğurunu təkrarlaya bilmir. Görün, ondan sonra Bundestimdə kimlər çalışıb. Amma onun kimisi hələ də yoxdur.