“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- Mövsüm artıq bitmək üzrədi. “Qarabağ” üçün bunu necə dəyərləndirmək olar?
- Bu günə kimi normal dəyərləndirmək olar. Həm çempionatda, həm də kubokda iddialı idik. Artıq çempionluğu rəsmiləşdirmişik, kubokda da finaldayıq. Kubokda da indiyə kimi üzərimizə düşən vəzifənin öhdəsindən gəlmişik. Yəni bu mövsüm hər şey düşündüyümüz kimi gedir.
- İlk yarıda çempionat və kubokla yanaşı, həm də Avropa Liqasında çıxış etdiniz. Hər üç cəbhədə yüksək səviyyədə çıxış etməyin sirri nədədi?
- Burda sirr yoxdu. Sadəcə, ən yaxşısını etməyə çalışırıq. Qismətimizdə varsa, istəyin həyata keçir. Futbolçular da mövsüm boyu çox əziyyət çəkdilər. Kollektiv şəkildə çalışırıq ki, işimizə qiymət verək. Oyunçularımız çox istəkli idilər. Bunun da nəticəsində hər üç turnirdə yaxşı təsir bağışladıq.
- Belə bir fikir var ki, “Qarabağ”ın çempionluğunda digər komandaların zəifləməsinin də rolu oldu. Bununla razısınızmı?
- Mövsümün sonunu götürsək, belə düşünə bilərik. Çünki 1-2 komandada maliyyə problemləri oldu. Biz də bəzi problemlərlə üzləşdik. Məsələn, zədəlilərimiz oldu, komandadan gedənlər oldu. Ola bilər ki, ötən mövsüm daha baxımlı keçdi. Amma bu mövsüm də heç bir komanda zəifləmədi. Əksinə, çoxlarının zəif hesab etdiyi komandalara qarşı oyunlarda çətinlik çəkdik. “Xəzər Lənkəran” və “Bakı”nın bizə qarşı inamlı çıxışını qeyd etməliyəm.
- Sizin də qeyd etdiyiniz kimi, ötən mövsümkü çempionat daha baxımlı alınmışdı. Çempionatın bu mövsüm zəif keçməsinin “Qarabağ”a Avrokubokda mənfi təsiri ola bilərmi?
- Mən qeyd etdim ki, ola bilər ötən mövsüm daha maraqlı mübarizə getdi. Amma deməzdim ki, bu mövsüm zəif oldu. Sadəcə, bir az baxımsız keçə bilər. Bu o demək deyil ki, çempionatın səviyyəsi aşağı düşdü. O ki qaldı Avrokuboka, bu, tamam başqa turnirdi. Ora fərqli hazırlaşacağıq. Hər bir uğur bizə böyük təcrübə verir. Futbolçular da qazandıqları təcrübədən maksimum istifadə etməlidilər.
- Mövsümün sonuna yaxın “Bakı” ilə yanaşı, “İnter” və “Simurq”da da maliyyə problemi baş qaldırdı. Xüsusən də, “Simurq”un bu durumu zaqatalalı kimi, sizə necə təsir etdi?
- Ümumi götürsək, mövsümün sonlarına qədər “Simurq” inamla çıxış etdi. İnşallah, bu komanda gələn mövsüm də çempionatda çıxışını davam etdirəcək. Çünki belə bir bölgədə bu cür azarkeşləri futbolsuz qoymaq düzgün çıxmaz. Düşünürəm ki, federasiya problem yaşayan bu komandaların çempionatdan kənarda qalmasına imkan verməyəcək. Əksinə, bölgələrdə nə qədər çox komanda olsa, çempionatımız daha maraqlı keçər.
- Ardıcıl ikinci çempionluğu qazandınız. Bundan sonra ikincilik “Qarabağ” üçün uğur sayılmayacaq. Bu amil sizi narahat etmi?
- Uğur olan yerdə uğursuzluq da olur. Həmişə nailiyyət əldə etmək çətindi. Hər növbəti uğur əvvəlkindən daha çətindi. Çünki istər-istəməz tələblər də artır. Həm azarkeşlər, həm də mətbuat getdikcə daha böyük uğur gözləyir. Təbii ki, uğursuzluqdan heç kim sığortalanmayıb. Sadəcə, işimizi düzgün qurmalıyıq ki, yer aldığımız turnirdə ən yaxşı şəkildə çıxış edək.
- Gələn mövsüm hədəf Çempionlar Liqasının, yoxsa Avropa Liqasının qrupuna düşmək olacaq?
- Mən heç vaxt qarşıma məqsəd qoymuram ki, mütləq hansısa turnirin qalibi olmalıyıq və ya qrupa düşmıəliyik. Yenə də ən yaxşısını etməyə, rəqiblərimizə qarşı inamla mübarizə aparmağa çalışacağıq.
Ruslan SADIQOV