Sabiq “Qalatasaray”lı futboldan 1 illik uzaqlaşdırıldı
31.03.2016 - 13:55
Sabiq “Qalatasaray”lı futboldan 1 illik uzaqlaşdırıldı

“Qalatasaray”ın sabiq futbolçusu Emmanuel Ebueyə kəsilən cəza qüvvədə qalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Sanderlend”lə yenicə müqavilə imzalayan müdafiəçi bu komandada debüt edə bilməyəcək.

 

Buna səbəb İdman Arbitraj Məhkəməsindən (CAS) gələn cavab olub. Belə ki, keçmiş meneceri Sebastyan Boissauya borcunu ödəmədiyi üçün FİFA 33 yaşlı oyunçunu 1 illik futboldan diskvalifikasiya edib.

 

Maraqlıdı ki, oyunçuya borcun ödənilməsi üçün ilk xəbərdarlıq 3 il öncə edilmişdi. Lakin o, buna məhəl qoymadığı üçün 2014-cü ildə 30 min İsveçrə frankı pul cəzasına məruz qalmışdı. Ali futbol qurumu son olaraq, onu 1 illik cəzalandırmaq qərarına gəlib.

 

Fil Dişi Sahili yığmasının üzvü CAS-a müraciət etsə də, məhkəmə onun haqsız olduğu qənaətinə gəlib və cəzanın qüvvədə qalmasını qərara alıb. Lakin Ebue bu bir il ərzində külli miqdarda olan borcunu ödəyərsə, cəzası ləğv ediləcək.

 

Qeyd edək ki, Emmanuel Ebue 2011-2015-ci illərdə “Qalatasaray”ın formasını geyinib.