Sadıqov Sadiqovu xəyanətdə günahlandırdı: Aqibəti çox pis olacaq
20.03.2014 - 00:01
Sadıqov Sadiqovu xəyanətdə günahlandırdı: Aqibəti çox pis olacaq

"Onun aldığını öz məvacibimizlə müqayisə etsək, havalanarıq"

 

Azərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsində “İnter”lə qarşılaşan “Neftçi” səfərdəki qollu heç-heçə sayəsində yarımfinala vəsiqə qazandı. Oyundan sonra paytaxt klubunun prezidenti Sadıq Sadıqov Apasport.az saytının suallarını cavablandırıb

 

- Oyunla bağlı fikrinizi bilmək istərdik.

 

- Vacib olan mərhələ adlamaq idi. Bunu bacardıq. Heç-heçə bizə sərf edirdi. Ancaq meydana sırf bunun üçün çıxmamışdıq. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu, amma qol vurulmadı.

 

- Fasilədən sonra edilən dəyişikliklər “Neftçi”nin heç-heçəni qoruması anlamına gəlirdi…

 

- Bəli, baş məşqçi əvəzetmələr sayəsində buna nail olmaq istəyirdi. Bu da heç-heçənin bizə sərf etməsindən irəli gəlirdi.

 

- İtkiləriniz çox idi. Yoxluqları hiss olundumu?

 

- Əlbəttə, hiss olunurdu. “Neftçi”yə rəhbərlik etdiyim vaxtdan legionerlərin sayının 10-dan artıq olmamasına çalışmışam. Bu gün əcnəbi oyunçularımızla da bağlı problemlər var. Melvin Platye adaptasiya dövrünü keçə bilmədi. Buna görə də, onu İsveçin “Kalmar” klubuna icarəyə vermişik. Yəqin ki, formasını bərpa edəcək. Mahir, Saşa cəzalı idi. Cavidin cəzası isə artıq bitib. Yəni komanda yarımcan halda mübarizə aparırdı.

 

- Yarımfinalda “Rəvan”la qarşılaşacağınıza görə sevinirsinizmi?

 

- Xeyr, çünki “Rəvan” “Bakı” kimi komandanı mübarizədən kənarlaşdırıb. Demək olar, “Bakı”ya dərs keçdilər.

 

- Amma “Bakı” ilə qarşılaşmaqdansa, “Rəvan”la üz-üzə gəlmək daha münasib hesab edilir.

 

- Razıyam. Lakin hər zaman sürpriz komandalar olur. “Rəvan”ın son oyunlarına baxsanız, pis oynamadıqlarını görərsiniz. Onları çempionatın sürpriz komandası hesab etmək olar.

 

- Son günlərdə Rəşad Sadiqovla bağlı müxtəlif xəbərlər yayılıb. Kapitanın birdən birə heyətdən kənarlaşdırlması, adının oyunun protokoluna daxil edilməməsi nə ilə bağlıdır?

 

- Rəşad komandanın kapitanı olsa da, klubun daxili nizam-intizam qaydalarını pozub. Klub rəhbəri kimi, onu cəzalandırıb, əvəzedici komandaya göndərmişik. Buna haqqımız da çatır. Rəşad legionerlər də daxil olmaqla bu gün komandada oynayan futbolçular arasında ən yüksək məvacib alan futbolçulardandır. Bir dost, qardaş kimi onun xətrini çox istəyirik. Bu gün futbolçularla dost, qardaşıqsa, onların da münasibətinin səmimi olmasını, bizi böyük qardaş kimi qəbul etmələrini istəyirik. Sadiqovdan sadəcə “Partizan”, “Rubin” kimi komandalarla oyunlarda nümayiş etdirdiyi futbolu sərgiləməsini istəyirik.

 

- Belə çıxır ki, o, aldığı pulun qarşılığını verə bilmir…

 

- İdman sahəsində çalışdığımıza görə, kimin nə qədər məvacib aldığını təxmini bilirik. Biz onun aldığını öz məvacibimizlə müqayisə etsək, havalanarıq. O, bunun qarşılığını verməlidir. Demirəm ki, gedək, bağımda işlə, daş qaldır. İşi futbol oynamaqdır, çıxsın ondan tələb olunanı versin. Əgər mən müqavilə ilə götürdüyüm öhdəliyi təmin edirəmsə, qarşı tərəf bunu etmirsə, xəyanətkardır. Deməli, mənimlə münasibəti də səmimi deyil. Məni görəndə, tərifləmələri, gurultulu sözlər demələri lazım deyil. Futbolçudur, çıxıb oyununu oynamalıdır. Bunu etsə, kapitanlıq sarğısını da yenidən qoluna bağlayacağıq.

 

- Əvəzedici komandanın məşqlərinə qatılırmı?

 

- Dünəndən məşqlərdə iştirak etməli idi. Açığı əvəzedici komandanın məşqləri ilə maraqlanmamışıq. Qatılmasa, aqibəti çox pis olacaq.

 

- Komandadan ümumiyyətlə qovulma ehtimalı varmı?

 

- Onun klubla müqaviləsi var. Müqavilə mövsümün sonuna qədərdir. Kimlər ki, əvəzedici komandada özünü sınayıb, səhvini başa düşərsə, heç bir problem yoxdur. O, kimdən artıqdır ki?

 

 

0