[b]Sən Allah, içmə! – Ostrava təəssüratları [/b]
12.10.2016 - 16:06
[b]Sən Allah, içmə! – Ostrava təəssüratları  [/b]

9 oktyabr. Azərbaycan yığmasının bir gün öncəki qələbəsi futboldan başı çıxan, çıxmayan, bir sözlə əksəriyyətin əsas müzakirə mövzusudu. Kimisi Norveçin məğlub edilməsindən danışır, kimisi də seçmə mərhələdə 2 oyundan sonra yenilginin və qol buraxmağın nə olduğunu bilməməyimizdən. Almaniya ilə birlikdə eyni xala sahib olmaq isə başqa bir söhbətin mövzusudu...

 

Millimiz saat 16:00-da Ostravaya yola düşməlidi. Budəfəki rəqib daha qədim futbol ənənəsi olan Çexiyadı. Nədənsə Norveç üzərindəki qələbədən sonra futbolçularda özündənrazılıq hiss edilmir. Görünür, baş məşqçi və kapitan komandanı "havaya girməyə" qoymayıb. Havaya qalxmaq üçün isə dəqiqələr qalır...

 

Futbolçu, yoxsa artist Eddi?


Bəndəniz də daxil olmaqla, Ostravaya ezam olunan azərbaycanlı jurnalistlər - hərə bir tərəfdə hansısa futbolçudan müsahibə götürür, çexlərlə oyunöncəsi vəziyyətin necə olduğunu öyrənməyə çalışır. Yaxınlaşdığım Ramil Şeydayev isə musiqi dinləməyi müsahibə verməkdən üstün tutur. "Danışmaq istəmirəm" deyənlərin sırasına o da qoşulur. Eddi İsrafilov isə artistlik bacarığını nümayiş etdirir - "rus dilini bilmirəm" deyərək. Amma sonra məlum olur ki, Eddi rusca bülbül kimi cəh-cəh vurur...

 

Hər kəs təyyarədəki yerini alıb. Saatın əqrəbləri 16:00-u keçsə də, hərəkət yoxdu. Təxminən 15 dəqiqəlik gecikmədən sonra hava gəmisi tərpənir. Özü də elə tərpənir ki, gəl, görəsən...

 

Gözlər pilot kabinəsinə!


Havada olanda məlumat verilir ki, təyyarədə texniki nasazlıq var və bu səbəbdən Bakıya qayıtmalı olacağıq. Anonsa baxmayaraq, Xəzər dənizinin üzərində var-gəl edirik. Sonra məlum olur ki, təyyarə dolu yanacaqla eniş edə bilməz. Buna görə də, heç olmasa 2 saat havada dövrə vurmalıyıq...

 

Yavaş-yavaş aləm bir-birinə dəyir. Anonsun həyəcanı bortun əvvəlindən axırına qədər, hər kəsin üzündə hiss olunur. Hətta baş verəcək istənilən hadisəyə rəğmən, soyuqqanlı qalmaq məcburiyyətində olan stüart və stüardessaların da. Hamının gözü pilot kabinəsindədi. Baş katib Elxan Məmmədov tez-tez həmin kabinəyə baş çəkir, vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün. Az sonra AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verir ki, nasazlıq arxa şassinin tam qapanmamağı ilə bağlıdı. Sən demə, vəziyyət düşündüyümüzdən də ciddidi...

 

Birdən şassi açılmadı...

 

Önümüzdə əyləşən azarkeşlərdən biri yanındakına Amerikadan tutmuş müxtəlif ölkələrə qədər uçduğunu, buna görə də, təyyarədəki nasazlığı əvvəldən hiss etdiyini deyir. Sərnişinlər arasında təyyarənin bu vəziyyətdə yerə enişinin təhlükəli olduğu, buna görə də, Xəzər dənizinin üzərinə düşmək ehtimalı belə, müzakirə edilir. Elə bu dəmdə stüardessalardan biri qoruyucu jiletləri olduğu yerdən çıxarır. Həyəcanın dozası bir qədər də artır...

 

Kimisi sağ-salamat yerə enməyimiz üçün dua edir, kimisi stressi atmaq üçün stüartdan spirtli içki gətirməsini xahiş edir. Evdən "hazırlıqlı" gələnlər də var. Birinin "vurmağa" hazırlaşdığını görən Rəşad Sadıqov "Hamısı günahların nəticəsidi, şassi bağlanmır, a kişi. Sən Allah, içmə, enək ondan sonra nə istəyərsən, edərsən" deyir.

 

Təxminən 15 dəqiqədən sonra AFFA nümayəndələrindən biri pilotun kabinəsindən şad xəbərlə çıxır. "Texniki nasazlıq yoluna qoyulub" cümləsi bortun əvvəlindən axırına gəlib çatanda hamı dərindən ah çəkir. Amma qorxu qalmaqdadı. Birdən təyyarə Ostravaya düşəndə həmin şassi açılmadı... Xoşbəxtlikdən bu, baş vermir və tarixi səfərə elə tarixi olayın müşayiəti ilə çatırıq.

 

Əhalisi və havası kimi soyuq Ostrava

 

Ostrava hava limanında rastlaşdığımız mənzərə, onsuz da, yorulmuş sərnişinləri bir qədər də yorur. Şəhərə çox gediş-gəliş olmadığından, geniş tərkibli heyət aeroport işçilərini əməlli-başlı işə salır. Pasport yoxlanışı xeyli yubanır. Nəhayət, uzun müddətdən sonra sənədlərimizə Çexiyaya giriş möhürü vurulur.

 

Ostrava əhalisi ilə ertəsi gün tanış olmaq mümkün olur. Çünki mənzil başına çatdığımız günün axşamı şəhər gəzintisinə çıxsaq da, küçələrdə barmaqla sayılacaq qədər adam görürük. Bazar günü olduğunu düşünüb, hər kəsin istirahət etdiyini və sabahdan şəhərin "qaynayacağını" güman edirik. Gümanlarımız isə özünü doğrultmur. Növbəti şəhər gəzintisində məlum olur ki, Ostrava əhalisi şəhərin özü və havası kimi soyuqdu. Ünsiyyətə o qədər də maraqlı deyillər, futbola həvəsləri ilə çox aşağıdı.

 

Prosineçkinin ənənəsi

 

Oyuna cəmi 1 gün qalır. Deməli, hər iki komandanın baş məşqçisi media nümayəndələrinin önünə çıxacaq. Təbii ki, bizim üçün daha çox Robert Prosineçkinin fikirləri önəmlidi. Xorvat çalışdırıcı yenə ənənəsinə sadiq qalır - start heyəti açıqlamaqla. Amma tərcüməçisi Aydın Rüstəmovun çex dilinə tərcümə edən şəxsə futbolçuların konkret mövqelərini də başa salmaq istədiyini görəndə narazılığını bildirir. Çexiyanın baş məşqçisi Karel Yarolim isə azərbaycanlı jurnalistlərin mətbuat konfransında iştirak etdiyini əsas gətirərək, heyəti açıqlamaqdan qorxur. Bəli, bəli, qorxur. 2 oyunda 6 xal qazanan Azərbaycan yığmasından çəkindiyi açıq-aşkar hiss olunur...

 

İstiqamət “Mestiski” stadionu


11 oktyabr. Deməli, oyun günüdü. Günorta saatlarında başlayan yağış Ostrava küçələrini yumağa başlayır. Kəsənə oxşamır. Yəni, matç yağışın müşayiəti ilə keçəcək. Olsun. Bircə Kamran Ağayev və rəqib komandadakı həmkarı buna görə narahat ola bilər. Axı yağışlı havada qapıçıların işi çətinləşir...

 

Oteli tərk edib, matçın keçiriləcəyi stadiona istiqamət alırıq - tarixi nəticəyə şahidlik etmək üçün. Aramızda millinin uğurlu seriyasını bu görüşdə də davam etdirəcəyinə inananlar az deyil. "Allah ağzınızdan eşitsin" deyərək, gəlib çatırıq “Mestiski” stadionuna...

 

10 dəqiqəlik Çexiya

 

Yağışın yağması ilə havanın temperaturu bir qədər də aşağı düşüb. Soyuq adamı kəsir. Hamı həyəcanla start fitini gözləyir və o an gəlib çatır...

 

İlk 10 dəqiqə. Bəli, hələ oyundan öncə öz aramızda danışanda deyirdik ki, ilk 10 dəqiqədə çexlər güclü təzyiq edəcəklər, buna dözmək lazımdı. Elə də olur. Çexlərin "köp"ləri alınandan sonra oyunun tempi aşağı düşür. Təbii ki, bu gediş bizə sərf edir. Və budu, ilk 45 dəqiqə artıq geridə qalıb.

 

Dözmək lazımdı. Kamran Ağayev daha bir 45 dəqiqə qapısının və qapımızın toxunulmazlığı saxlaya bilsə, həm öz göstəricisini yaxşılaşdıracaq, həm də millinin. Digər futbolçuların da üzərinə çox yük düşür. Rəqib son dəqiqələrdə təzyiqi yenə artırsa da, faydası olmur. Soyuqdan donan qulaqlarımızı hakimin final fiti isindirir.

 

Sarılın bir-birinizə...

 

Bir anda meydandan kənarda möhtəşəm görüntü yaranır. Zədəsi ilə əlaqədar, ehtiyatda qalan Rəşad Sadıqovla baş məşqçi Robert Prosineçki bir-birinə sarılır. Digərləri də onları əhatəyə alırlar, sevinc sevincə qarışır...

 

3 oyun və 7 xal. İnanılmaz nəticədən sonra Prosineçkini gözləyirik. Mətbuat konfransında "göylə getmək" fikrinin olmadığını və indidən bütün diqqətini Şimali İrlandiya ilə oyuna yönəltdiyini deyir. Bravo!

 

Hava limanında sürpriz görüş

 

Ostrava hava limanındayıq. Tarixi nəticənin eşqi ilə Bakıya qayıdacağıq. Buna kimi isə qismətdə çexiyalı futbolçuların məyusluq içində olduğunu bir daha görmək var. Axı onlar da bizimlə birgə hava limanındadılar. Məqsəd isə paytaxt Praqaya qayıtmaqdı. Almaniya çempionatında top qovan, "Verder"in müdafiəçisi Gebre Selassie ilə danışanda tam əmin oldum ki, artıq bizim yığmaya da hörmət edirlər...

Təyyarə Bakıya enişə hazırlaşır. Bu dəfə şassinin açılmamaq qorxusu yoxdu. Çünki bu təyyarə bizi Ostravaya aparan təyyarə deyil. Həyəcanlanmamaqda haqlı imişik. Pilot hava gəmisini yerə rahatlıqla endirir. O qədər yorğunuq ki, "təyyarə sürücüsü"nü alqışlamaq heç kimin yadına düşmür.

 

Pasport yoxlanışından keçib, hərə öz evinə yollanır. Təbii ki, millinin uğurlu seriyanı davam etdirmək arzusu ilə...

 

Tengiz MƏMMƏDOV