Tərlan Əhmədov: Lazım olsa, Mombonqodan birini də taparam
06.05.2015 - 12:11
Tərlan Əhmədov: Lazım olsa, Mombonqodan birini də taparam

“Freddi Mombonqonu AZAL-dan göndərmək fikrim yoxdu. Mən onun qalmasını istəyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Konqolu hücumçu Freddi Mombonqonun AZAL-dan ayrılacağı ilə bağlı xəbərləri təkzib edən Əhmədov maraqlı fikirlər səsləndirib. O, lazım gəlsə, yeni Mombonqo tapacağını vurğulayıb: “Mombonqonun müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Mən onunla yeni sözləşmənin imzalanmasını istəyirəm. Buna görə deyirəm ki, Freddi AZAL-da qalacaq, onu göndərmək fikrimiz yoxdu. İndi ola bilsin, menecerlər ona yaxşı təklif irəli sürsünlər, o da razılaşsın. Məsələnin o tərəfini deyə bilmərəm. Amma özü ilə söhbət etmişəm. Hiss olunur ki, ürəyi bizimlədi. Qalıb-qalmayacağına özü qərar verəcək. Gedəni saxlamarıq. Əvəzedilməz futbolçu yoxdu. Getsə, başqa hücumçu alacağıq. Lazım olsa, Mombonqodan birini də taparam”.

 

Komandadan ayrılacaq futbolçuların siyahısını müəyyənləşdirdiyini deyən Əhmədov hələlik ad açıqlamaq istəməyib: “Yavaş-yavaş siyahını hazırlayıram. Lakin orda kimlərin yer aldığını indidən deməyim düz çıxmaz. Bu, futbolçunu alçaltmaq kimi çıxar. Təbii ki, gedənlər və komandaya yeni gələnlər olacaq. Ancaq mən heyətdə böyük dəyişikliklər etmək istəmirəm. Bir neçə legioner və yerli gənc oyunçular cəlb edə bilsək, bəs edər. Həm AZAL-ın, həm də digər klubların əvəzedici heyətlərini diqqətdə saxlayıram. Maraqlandığımız bir neçə futbolçu var. Onları cəlb etməyə çalışacağıq”.

 

Tengiz MƏMMƏDOV