Avropa Liqasının bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin ilk oyunlarından sonra 3 qolla yarışın ən məhsuldar futbolçusu olan “Qəbələ”nin liberiyalı legioneri Teo Uiksin təkhakimiyyətliliyinə son qoyulub.
Bakıda “Samtredia”ya 3 qol vuran afrikalı Gürcüstanda da fərqlənib, hesabını 4-ə çatdırsa da, Kipr AEK-ində çıxış edən İvan Triçkovski ona şərik çıxıb. Makedoniyalı San-Marino “Folqor”una 2 oyunda 4 qol vurub. O, hər iki görüşdə dubla imza atıb.
6 futbolçunun hesabında isə 3 qol var. Onlardan biri vaxtilə Azərbaycanda çıxış edən Girts Karlsondur. Vətənində “Ventspils”in şərəfini qoruyan latviyalı Farer adalarının “Vikinqur” klubunun qapısına 3 qol vurub. “İnter”in sabiq futbolçusundan başqa Teemu Pukki, Kamil Vilçak (hər ikisi “Brondbü”), Tibor Tisza (“Debretsen”), Moreno Kostanzo (“Vaduts”), Mirko Mariç (“Lokomotiv” Zaqreb) də hərəyə 3 qol vurublar.