Almaniya yığmasının baş məşqçisi Yoahim Löv və İngiltərə millisinin kapitanı Ueyn Runi rekorda bir addım da yaxınlaşıblar. Apasport.az saytının məlumatına görə, hər iki məşhur sima millidə növbəti oyununa çıxıb.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə görüşdə (3:0) Bundestim Lövün rəhbərliyi altında 139-cu qarşılaşmasına çıxıb. Bununla 2006-cı ildən yığmanı çalışdıran 56 yaşlı mütəxəssis 1964-1978-ci illərdə almanların “sükanı arxası”nda olan Helmut Şönə çatıb. Löv rekordu yeniləmək üçün millini daha 29 oyuna çıxarmalıdı. Çünki birinci pillədə olan Zepp Gerberger 168 dəfə Almaniya yığmasını meydana çıxarıb.
Seçmə mərhələnin Slovakiya – İngiltərə (0:1) görüşü isə Ueyn Runi üçün əlamətdar olub. 116-cı dəfə İngiltərə millisinin formasını geyinən Runi bununla sabiq yarımmüdafiəçi Devid Bekhemi geridə qoyub. 31 yaşlı forvard hazırda yalnız qapıçı Piter Şiltondan (125 oyun) geri qalır. Runi rekordu ələ keçirmək üçün daha 10 oyunda yığmanın heyətində meydana çıxmalıdı.
Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alır.