Kosta-Rika ilə yoldaşlıq matçı keçirən Rusiya millisi 3:4 hesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, oyun rusların müdafiəçisi Vasili Berezutski üçün əlamətdar olub.
Belə ki, təcrübəli oyunçu milli komandada 100-cü dəfə forma geyinib. Oyundan qabaq Rusiya Futbol Federasiyası bu münasibətlə 34 yaşlı futbolçunu xatirə medalı və diplomla təltif edib. Federasiyanın rəsmi tvitter hesabı isə bunu paylaşıb.
Maraqlıdı ki, ilk hissənin sonlarında öz qapısına qol vuran Moskva MOİK-inin müdafiəçisinin bu hərəkəti federasiya işçilərini əsəbləşdirib. Qoldan bir neçə dəqiqə sonra mükafatlandırma mərasiminin əks olunduğu “tvit”i silərək oyunçunu “cəzalandırıblar”.