[b]“Bakı-2015”də qəzaya düşən üzgüçü məşqlərə başladı: Su mənim evimdi [/b]
27.01.2016 - 10:54
[b]“Bakı-2015”də qəzaya düşən üzgüçü məşqlərə başladı: Su mənim evimdi [/b]

Bakıda keçirilən Avropa Oyunları zamanı Atletlər Kəndində, Nəqliyyat Deposunda baş vermiş qəza zamanı ağır yaralanan avstriyalı üzgüçü Vanessa Şahinoviç karyerasını bərpa edib. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl xəstəxanadan çıxan sinxron üzgüçü artıq məşqlərə start verib.

 

7 aylıq fasilədən sonra hovuza qayıdan Vanessa ilk məşqlərdən sonra təəssüratlarını açıqlayıb: “Su mənim evimdi. Burada olanda özümü yaxşı hiss edirəm”.

 

16 yaşlı idmançının məşqçisi Tomas Narnhofer də sevincini gizlətməyib.

 

O bildirib ki, yetirməsinin məşqlərə başlayacağı günü səbirsizliklə gözləyirmiş: “Vanessaya görə mən də çox həyəcanlıyam. O, suda artıq bəzi elementləri yerinə yetirə bilir. Şahinoviç özünü hovuzda rahat hiss etdiyindən, ona öyrətdiyim texniki hərəkətlərin icrasında çətinliklə üzləşmir. Vanessa suda olmasında böyük həzz alır. Çox güclü idmançıdı. Elə bu da onun yenidən məşqlərə başlamasına kömək etdi”.

 

Hazırda Vanessa yalnız hovuza gedənə qədər əziyyət çəkir. Ayaqları iflic olan üzgüçü əlil arabası ilə hərəkət etdiyindən hələlik hovuza məşqçilərinin və komanda yoldaşlarının köməyi ilə daxil olur. Bundan sonra isə öz sevimli peşəsi ilə məşğul olur. Narnhofer Şahinoviçin yenidən böyük idman qayıdacağına da ümid edir: “O, hazırda sadəcə üzmək və məşq etməklə məşğuldu. Amma daha iddialı olsa xəyallarını gerçəkləşdirib, yenidən yarışlara qatıla bilər”.  

0