[b]“Erməniyə asanlıqla qalib gələrdim” - MÜSAHİBƏ[/b]
29.06.2015 - 11:35
[b]“Erməniyə asanlıqla qalib gələrdim” - MÜSAHİBƏ[/b]

I Avropa Oyunlarının qızıl mükafatçısı, Azərbaycan boksçusu Abdulqadir Abdullayevin (91 kq) apasport.az saytına müsahibəsi

 

- İlk Avropa Oyunlarının çempionu adını daşımaq necə hissdi?

- Təəssüratlarım əladı. Avropa Oyunları valehedici yarış oldu. Çox şadam ki, yarışın qızıl medalçılarından biri oldum.

 

- Əvvəlcədən qarşınıza qızıl medal qazanmaq məqsədi qoymuşduz, yoxsa bu nailiyyət sizin üçün sürpriz oldu?

- Mən yarışa çempion olmaq arzusu ilə çıxmışdım. Əvvəldən məqsədim Avropa Oyunlarının birincisi olmaq idi. Bu yarışa qədər çox əziyyət çəkdik, məşqlərdə var gücümüzlə iştirak etdik. WSB liqasında mübarizə aparan “Baku Fires” (son mövsümü orda döyüşüb – red.) klubuna təşəkkürümü bildirirəm. Orda məşq etdik, bizə dəstək oldular. Ümumiyyətlə, əziyyətimizi çəkən boks federasiyasının hər bir üzvünə minnətdaram.

 

- Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyan zədəsinə görə döyüşə çıxmadığı üçün, final keçirmədən qızıl medala sahib çıxdız. Əgər həmin görüş baş tutsaydı, qələbə qazana biləcəkdizmi?

- Çox istərdim ki, erməni boksçu ilə döyüşüm baş tutaydı. Özümü göstərmək və Azərbaycanın boksda da güclü olduğunu sübut etmək üçün əlimdən gələni edərdim. Göstərərdim ki, bizim üçün rəqibin kimliyinin önəmi yoxdu, istənilən boksçuya qalib gələ bilərik. Düzdü, əvvəllər həmin erməni ilə qarşılaşmamışam. Ancaq mənə elə gəlir ki, erməniyə asanlıqla qalib gələrdim. Boksda zədələnmə adi haldı. Əgər zədələnməsəydi, onunla görüşümüz baş tutacaqdı və onda kimin güclü olduğunu isbatlayacaqdım.

 

- Necə düşünürsüz, Azərbaycan təşkilatçılıq və digər məqamlar baxımından, ilk Avropa Oyunlarının öhdəsindən gəldimi?

- Azərbaycan həm təşkilatçılıq, həm də idmançılarının çıxışı tərəfdən özünü bu yarışda ən yaxşı tərəfdən göstərdi. Hər şey heyrətamiz idi. Həm açılış, həm də bağlanış mərasimləri insanlara zövq bəxş etdi. Təşkilatçılıq o cür səviyyədə idi ki, hər xırda detala da həssas yanaşmışdılar. Fəxr edirəm ki, bu cür ölkəni təmsil edirəm.

 

- Ölkəmizin Avropa Oyunlarını 56 medalla başa vuracağı heç ağlınıza gələrdimi?

- Düzünü desəm, bu cür nəticəni heç kim gözləmirdi. Yaxşı çıxış edəcəyimizə əmin idim. Amma konkret olaraq, 56 medal qazanacağımız ağlıma belə, gəlmirdi.

 

- Gələn il keçiriləcək Rio Olimpiadasında həm özünüzdən, həm də digər boksçularımızdan nə gözləyirsiz?

- Qızıl medal. İlk növbədə, bütün boksçularımıza arzu edirəm ki, zədədən uzaq olsunlar. Olimpiadada yaxşı çıxış etmək üçün güclü hazırlaşmaq lazımdı. Lisenziya qazanıb, Rio Olimpiadasında Azərbaycanı layiqincə təmsil edəcəyik.

 

Tengiz MƏMMƏDOV

0