22 Fevral 11:05 Finiş sözünü eşidən, amma görməyən Azərbaycan legionerləri
DİGƏR NÖVLƏR xəbərləri 22 Fevral 11:05
2864 baxış

Finiş sözünü eşidən, amma görməyən Azərbaycan legionerləri

Azərbaycan yığması Qış Olimpiya Oyunlarında növbəti uğursuzluğa düçar olub. Apasport.az saytının məlumatına görə, Pxenxçanda təşkil edilən XXIII “Ağ Olimpiada”da yeganə təmsilçimiz Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında finişə çata bilməyib.

 

Əslində, bu nəticə bizim üçün adi haldı. Çünki ölkəmiz Yay Olimpiya Oyunlarından fərqli, Qış Olimpiya Oyunlarına yarışın yaradıcısı Pyer de Kubertinin Olimpiya şüarını əsas götürərək gedir. Yəni, əsas məqsəd medal qazanmaq deyil, iştirakdı.

 

Braxnerin də finişə çatmaması yığmamız üçün ənənəvi hala çevrilib. Hələ 20 il əvvəl “Ağ Olimpiada”da debüt edən Azərbaycanın dağ xizəkçiliyində startı uğursuz alınmışdı. Naqanoda təşkil olunan yarışda ölkəmizi təmsil edən gürcüstanlı Elbrus İsakov Oyunlara turist kimi getdiyini ortaya qoymuşdu. O, yarış ərəfəsində “xəstələnmişdi” və starta çıxmamışdı.

 

İsakov 4 il sonra da heç nə ilə yadda qalmamışdı. Solt-Leyk-Sitidə starta çıxan idmançı finişə çata bilməmişdi. Bu “ənənə” növbəti Oyunlarda da davam edib. Qaya Bassani Antivari Azərbaycan adından yollandığı 2 Olimpiadadan birində yarışa qatılmayıb, digərində cəhdini yarımçıq bitirib. O, mübarizə apardığı 4 yarışda yalnız nəhəng slalomda 57-ci olub.

 

Azərbaycan adına yarışan Sedrik Nots da çıxışlarından birini vaxtından əvvəl bitirib. Braxner isə ikinci cəhdində 4 yarışdan yalnız 1-də finişə çatıb. Bu da nəhəng slalomdu ki, həmin mübarizəyə Pxençxanda qatılmadı. Bəhanə kimi Soçidə uğursuzluğa düçar olduğu slaloma daha yaxşı köklənməsini göstərdi. Amma statistikaya nəzər salsaq, Azərbaycan indiyə qədər bu idman növündə finiş axtarışındadı. Slalomda bütün xizəksürənlərimiz yolda qalıblar.

 

Ümumi götürsək, ölkəmizi təmsil edən 4 legioner Qış Olimpiya Oyunlarında 5-ci cəhdimizdə 8-ci dəfə hansısa yeri belə tuta bilməyib. Onlardan 3-də starta çıxmamışıqsa, 5 dəfə finişi tapmamışıq. Bir sözlə, kimlər üçünsə “Ağ” olan yarış, Azərbaycan üçün “Qara Olimpiada”dı desək, səhv etmərik.

 

Dağ xizəkçilərimizin Olimpiadada çıxışı

 

 

 

Naqano-1998

Elbrus İsakov

Slalom

Xəstələndiyi üçün starta çıxmayıb

Solt-Leyk-Siti-2002

Elbrus İsakov

Slalom

Çıxışını başa vura bilməyib

Vankuver-2010

Sedrik Nots

Nəhəng slalom
Slalom

72-ci yer
Çıxışını başa vura bilməyib

Qaya Bassani Antivari

Nəhəng slalom
Slalom

57
Çıxışını başa vura bilməyib

Soçi-2014

Patrik Braxner

Nəhəng slalom
Slalom

53
Çıxışını başa vura bilməyib

Qaya Bassani Antivari

Nəhəng slalom
Slalom

Starta çıxmayıb
Starta çıxmayıb

Pxençxan-2018

Patrik Braxner

Nəhəng slalom
Slalom

Yarışa qatılmayıb
Çıxışını başa vura bilməyib

 

 

Qeyd edək ki, Turin-2006-da dağ xizəkçiliyində təmsil olunmamışıq. 

Xəbər lenti