4 Aprel 14:28 Boksçularımızın Olimpiada yolu İtaliyada keçir
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 4 Aprel 14:28
442 baxış

Boksçularımızın Olimpiada yolu İtaliyada keçir

Aprelin 17-dən 26-dək İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışda 11 idmançı ilə təmsil olunacaq.

 

10 oğlan və 1 qız boksçudan ibarət millimiz birinciliyin hazırlıqlarını yekunlaşdırmaq üçün Apennin yarımadasına yollanıb. Turnirin təşkil olunacağı Rozeto-deli-Abrutsi şəhərində baş tutacaq 2 həftəlik təlim-məşq toplanışı yığmamızın məsul çempionata yüksək səviyyədə hazırlaşması məqsədi daşıyır.

 

Vaqif Şirinovun baş məşqçisi olduğu komandamız qitə birinciliyində Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədovla (+91 kq) mübarizə aparacaq. Qızların yarışında isə ölkəmizi Ruhanə Məmmədova (60 kq) təmsil edəcək.

 

Qeyd edək ki, Avropa birinciliyi bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Oğlanların yarışında 49 kq çəki dərəcəsi istisna olmaqla, digər kateqoriyalarda 2000-2001-ci il təvəllüdlü idmançılar arasında ən yaxşı nəticə göstərən Olimpiadaya vəsiqə əldə edəcək. Qızların yarışında isə 4 çəki dərəcəsində (51 kq, 57 kq, 60 kq, 75 kq) ən yaxşı yeniyetmə Buenos Ayresdə çıxış etmək hüququna yiyələnəcək.

Xəbər lenti