[b]“Vətənə bir dəst medalla dönməliyik” – Aslan Ağayev[/b]
27.04.2018 - 11:49
[b]“Vətənə bir dəst medalla dönməliyik” – Aslan Ağayev[/b]

Qadın güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aslan Ağayev brifinq keçirib. Apasport.az saytının məlumatına görə, o, aprelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatı öncəsi komandanın hazırlığından danışıb.

 

- İlk növbədə hazırlığı dəyərləndirərdiniz. Nəyə əsasən bu idmançılara üstünlük verilib?

- Hər bir yarış kimi, Avropa çempionatının da hazırlığına 6 ay öncədən başlamışıq. Bu hazırlıqlar nədən ibarətdi? Həm təlim-məşq toplanışlarından, həm də yarışqabağı turnirlərdən. Bu turnirlərdə seçimlərimizi etmişik. Yarış 10 çəki üzrə keçiriləcək. Amma biz yarışa 9 idmançı ilə qatılacağıq. Ümid edirik ki, toplanışlardakı və turnirlərdəki kimi, bu çempionatda da uğurlu nəticələr əldə edəcəyik. Vətənə bir dəst medalla dönməliyik.

 

- Toplanışda Mariya Stadniki görmədik. O, Ukraynada hazırlıq keçir?

- Axırıncı toplanışı Ukraynada keçirmişdik. Bu yarış öncəsi ona sınaqçı rəqib olmadığından, rəhbərliklə məsləhət bildik ki, Stadnik məşqçisi ilə birlikdə hazırlığını Qazaxıstan komandası ilə keçsin. Sabah Stadnik burda olacaq.

 

- Gənclər arasında iki dünya çempionumuz var – Türkan və Leyla. Onları da yığmada görmədik…

- Leylanın ciddi zədəsi var. Türkana gəlincə, Stadnik ondan güclü olduğu üçün Mariyanı aparmağı məsləhət bildik.

 

- Bir dəst medal dediniz. Stadniki nəzərdə tutduğunuzu bildik. Ən çox güvəndiyiniz digər güləşçilər kimlərdi?

- Güvəndiyim çoxdu. Bir dəst deyirik. İnşallah, daha çox olar. Qadınların güləşində gözlənilməzliklər çox olur. Ümid edirəm ki, bu bizə qismət olacaq.

 

- Qadın güləşində fiziki hazırlıq daha çox ön plana çıxır. Bizim güləşçilərin durumu nə yerdədi?

- Bizdə fiziki hazırlıq normaldı. Amma sürət bu yarışda çox rol oynayır.

 

- Hansı ölkələrin yığmaları sizə əsas rəqiblər olacaq?

- 3-4 il əvvəl Ukraynanı, Yaponiyanı fikirləşirdiksə, bu gün bütün dünya güləşir. Hətta Özbəkistanın komandası da artıq rəqabət aparır. Odu ki, qadın güləşi dünyanın hər yerində inkişafdadı.

 

- Avropa çempionatının Rusiyada keçirilməsi bu ölkənin sərbəst güləşçiləri üçün üstünlükdü. Qadın güləşində meydan amili onlara üstünlük verirmi?

- Bəli. Rusiya da, Belarus da yaxşı komandadı. Həmçinin Ukrayna, İsveç, Almaniya da güclüdü. Bunlar bizə rəqib olan komandalardı.

0