24 May 13:02 “8 klubla inkişafdan danışmaq yersizdi”
FUTBOL xəbərləri 24 May 13:02
4835 baxış

“8 klubla inkişafdan danışmaq yersizdi”

Azərbaycan millisinin sabiq hücumçusu, veteran futbolçu Kənan Kərimovun apasport.az saytına müsahibəsi

 

- Son vaxtlar yalnız veteranların oyunlarında görünürsünüz. Nə işlə məşğulsunuz?

- Bakıda “Zenit” adlı həvəskar komandaya başçılıq edirəm. Məqsədimiz çempion olmaq və ölkəmizi Ukraynada təmsil etməkdi. Ukraynadakı turnirdə gücümüzü sınamaq niyyətindəyik.

 

- Bu komandaya müvəqqəti gözlə baxırsınız, yoxsa klub rəhbərliyinin gələcəklə bağlı hansısa layihəsi var?

- Klubun rəhbərliyi yaxın dostlarımızdı. İş adamlarıdı və onların fikri həvəskarlardan başlayıb, pillə-pillə yüksəlməkdi. Bundan sonrakı hədəf növbə ilə I divizion və ardından Premyer Liqada iştirakdı. Onlar da baş məşqçi vəzifəsini mənə təklif etdilər. Gələcəklə bağlı planları böyükdü. O ki qaldı şəxsi hədəfimə, indidən nəsə demək çətindi. Bunu yaşayaraq görəcəyik. Yaxşı şərtlər olsa, elə bu komandada qalaram.

 

- Topaz Premyer Liqasında mövsüm başa çatdı. Mübarizə kənardan necə göründü?

- “Qarabağ”ı təbrik edirəm, layiqli çempionluq qazandı. Fikrimcə, onlar bir ayaqla çempion oldular.

 

- Bu onu deməyə əsas verir ki, çempionatımızın səviyyəsi çox aşağıdı?

- Əvvəlki ajiotaj qalmayıb. Mövsüm başlayanda artıq görünürdü ki, mübarizə “Qarabağ”la “Qəbələ” arasında gedəcək. “Qarabağ” gözlənildiyi kimi, digərləri üçün əlçatmaz oldu.

 

- Gələn mövsüm də böyük ehtimalla çempionat 8 komandanın iştirakı ilə keçiriləcək. Belə vəziyyətdə futbolu inkişaf etdirmək nə dərəcədə mümkündü?

- Bu vəziyyətdə inkişaf mümkünsüz bir şeydi. Uşaq da bilir ki, 8 klubla inkişafdan danışmaq yersizdi.

 

- Ancaq sponsor baxımından ciddi problemlər var...

- İlk növbədə bölgələri işə salmaq, dövlət səviyyəsində sponsorlar cəlb etmək lazımdı. Yoxsa, bununla irəli getmək mümkün deyil.

 

- Ancaq Premyer Liqadakı 2 bölgə klubundan biri olan “Kəpəz” də I diviziona yuvarlanır...

- Bunun futbolumuza mənfidən başqa heç bir təsiri olmayacaq. Regionlarda valideynlər də övladlarını futbola göndərmək istəmirlər. İnsanlar izləyirlər, görürlər ki, maraq sıfıra bərabərdi, şəhərin yüksək liqada oynayan komandası yoxdu. Uşağını futbola yazdıranlar da geri qaytarıb deyir ki, onsuz da, Azərbaycanda futbol yoxdu. İstedadlı uşaqları başqa sahəyə yönəldirlər. Valideynlərin bu hərəkəti də normal qarşılanmalıdı. Çünki gedişat onlardan bunu tələb edir. Xüsusən də, rayonlarda futbol komandasının olmaması valideynlərin qərarına ciddi şəkildə təmsil edir. “Karvan” 2004-cü ildə ölkə çempionu olanda güclü əcnəbilər, səviyyəli komanda var idi. Hara gedirdin “Karvan”dan danışırdılar, futboldan anlayışı olan da, olmayan da - hamı oğlunun futbolçu olmağını istəyirdi. Çünki görürdülər ki, əcnəbi futbolçular gəlir, xarici maşınlar sürürlər, yaxşı şəraitləri var. İndi isə hər şey tam tərsinədi. Bu cür davam edəcəyi təqdirdə, bundan sonra rayonlardan güclü futbolçu çıxacağına inanmıram.

 

Ruslan SADIQOV

Xəbər lenti