[b]“Biz “Baltsan”dan güclüyük” – Sezar Meza Kolli[/b]
17.07.2018 - 12:15
[b]“Biz “Baltsan”dan güclüyük” – Sezar Meza Kolli[/b]

“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kollinin apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasına gözlənilmədən uğursuz start götürdünüz. I təsnifat mərhələsində “Baltsan”a böyük hesablı məğlubiyyətin (1:4) səbəbi nə idi?

- Qəribə oyun oldu. Çoxlu səhvlərə yol verdik və bunun da nəticəsində belə məğlubiyyətlə üzləşdik. Halbuki, matça çox yaxşı hazırlaşmışdıq və Maltaya qələbə üçün yollanmışdıq.

 

- Bəlkə arxayınlığın qurbanı oldunuz?

- Xeyr, komandada arxayınlıq yox idi. Ümumiyyətlə, Avrokubokda zəif rəqib olmur. Sadəcə, şanssızlıq yaşadıq. Elə səhvlər etdik ki, bunları bir daha təkrarlamamalıyıq.

 

- “Baltsan” sizi 4:1 hesabı ilə məğlub edəcək gücdədi, yoxsa “Keşlə” həmin gün çox zəif oynadı?

- “Baltsan” zəif komanda deyil. Hər halda, Avropa Liqasında mübarizə aparırsa, deməli, ölkəsinin ən yaxşılarındandı. Ancaq biz onlardan güclüyük. Sadəcə, həmin gün bəxt rəqibin tərəfində idi.

 

- Cavab matçı öncəsi baş məşqçi Yuri Maksimovun istefasını necə qarşıladınız?

- Baş məşqçi ayrılıq qərarını öncə elə futbolçulara bildirdi. Bizə uğurlar arzuladı. Futbolda belə hallar olur. İndi önümüzə baxmalı, “Baltsan”la cavab matçına köklənməliyik.

 

- Bəlkə məğlubiyyətin günahkarı olduğu üçün belə bir qərar qəbul edilib?

- Bu barədə nəsə deyə bilmərəm. Yaxşısı budu, bu sualı Maksimovun özünə verəsiniz.

 

- İki gündən sonra cavab oyununa çıxacaqsınız. Matç öncəsi baş məşqçinin ayrılığı komandaya mənfi təsir göstərməyəcək?

- Yuri Maksimovla birlikdə çalışmaq mənə xoş idi. Ancaq biz peşəkar futbolçularıq. İndi yalnız cavab oyununu düşünmək məcburiyyətindəyik.

 

- Nəyə ümid edirsiniz? Hələ də mərhələ adlayacağınıza inanırsınız?

- İnanıram ki, yaxşı oyun göstərəcəyik və çətin də olsa, növbəti mərhələyə vəsiqə qazanacağıq. Bilirik ki, çox çətin vəzifəmiz var. Ancaq öz potensialımıza və komanda yoldaşlarıma güvənirəm.

 

Ruslan SADIQOV

0