[b]Elxan Məmmədov: FİFA-dan xahiş etmişik ki...[/b]
18.05.2017 - 15:28
[b]Elxan Məmmədov: FİFA-dan xahiş etmişik ki...[/b]

“Qələbə münasibətilə millimizi təbrik edirəm. Komandamız yaxşı oyun nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarında yarımfinalda Əlcəzair üzərində 2:0 hesablı qələbə qazanan futbol yığmamız yarışın finalına vəsiqə əldə edib.

 

Oyundan sonra jurnalistlərin suallarını cavablandıran Elxan Məmmədov hədəfin çempionluq olduğunu vurğulayıb: “Əslində, açıq oyun getdi. Rəqibin də qol vurmaq üçün şansları oldu. Ancaq bizim komandamız daha çox qol epizodu yaratdı. Maksimum məqsədə yavaş-yavaş çatırıq. Əsas odu ki, komandamız hələ qol buraxmayıb. Bu, sevindirici haldı. Deməli, müdafiəçilərimiz və xüsusilə də, qapıçımız çox cəsarətli oyun nümayiş etdirir. Artıq finaldayıq. Bütün azarkeşləri təbrik edir, onları finalda gözləyirik”.

 

Qrup mərhələsinin son turunda Mərakeş, yarımfinalda isə Əlcəzair futbolçularının hakimlikdən şikayətlənməsinə də münasibət bildirən baş katib onlara hər hansı bir şikayət daxil olmadığını söyləyib: “Bizə heç kim yaxınlaşmayıb, nəsə deməyib. Əslində, xarici bir nümayəndə gəlib bildirdi ki, 1:0 öndə olarkən bir epizodda top qapı xəttini keçsə də, hakim bizim qolumuzu hesaba almayıb. Düzdü, təkrara baxa bilməmişəm. Amma axşam mütləq izləyəcəm. Bununla belə, komandamız oyunu ilə finala layiq olduğunu göstərdi”.

 

Biletlərin hələ yarış başlamazdan əvvəl satıldığı açıqlanmasına baxmayaraq, millimizin oyunlarına o qədər də çox maraq göstərilmir. Buna aydınlıq gətirən Məmmədov problemi oyun saatı ilə əlaqələndirib: “Bu məsələlərlə bağlı bir menecer var. Eyni zamanda IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvüdü. Ona yaxınlaşıb bu barədə fikrimi bildirdim. O da söylədi ki, biletlərin hamısı satılıb. Təəssüf ki, istədiyimiz qədər azarkeş görə bilmədik. Yəqin ki, bu, vaxta görədi. Yayımla əlaqədar bugünkü qarşılaşmanı erkən saata saldılar. İş günü olduğundan, azarkeşlər, bəlkə də, şəhərdən gəlməkdə çətinlik çəkirlər”.

 

Əsas millimizin mayın 20-dən iyunun 5-dək Avstriyada təlim-məşq toplanışı keçirəcəyini bildirən assosiasiya rəsmisi milliləşdirilən Riçard Almeydanı Şimali İrlandiya ilə qarşıdakı seçmə mərhələ görüşünə yetişdirməyə çalışdıqlarını əlavə edib: “FİFA-dan cavab gözləyirik. Ali futbol qurumundan xahiş etmişik ki, Almeydanın məsələsinə tez baxılsın. Çünki rəsmi oyunların keçirilməsinə çox vaxt qalmayıb”.

 

Elxan Məmmədov eyni zamanda İslamiadanın qalibi olacağı təqdirdə U-23 yığmamızın AFFA tərəfindən də mükafatlandırılacağını deyib.

0