[b]Erkən final: 90 dəqiqə orqanizm kimi işləməliyik[/b]
14.02.2018 - 11:06
[b]Erkən final: 90 dəqiqə orqanizm kimi işləməliyik[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün daha 2 görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Real” PSJ-ni qəbul edəcəyi halda, “Liverpul” “Porto”nun qonağı olacaq.

 

Şübhəsiz ki, əsas diqqətlər Madridə yönələcək. Çempionlar Liqasının son qalibi “Real”la cari mövsümdə yaxşı formada olan PSJ-nin erkən final adlandırılan dueli maraqla gözlənilir.

 

Hər iki klubun üzvləri matçdan öncə açıqlamalar veriblər.

 

Marselo (“Real”ın braziliyalı müdafiəçisi): “Oyuna maksimum qaydada köklənmişik. Belə görüşlərdə qələbənin nə olduğunu yaxşı dərk edirik. PSJ kimi komandalarla matçlar bizə əlavə motivasiya verir. “Real”ın heyətində çox titul qazanmışam, amma bundan artığını istəyirəm. Titulumuzu qorumaq üçün sona qədər döyüşəcəyik. Özümüzü kiməsə sübut etməyə ehtiyac yoxdu. Onsuz da, hər kəs “Real”ın gücündən xəbərdardı. Baş məşqçimiz bizə çox kömək edir. Zinəddin Zidan əla məşqçidi. Düzdü, son vaxtlar yaxşı nəticələr qazana bilmirik. Amma Zidanın “Real” üçün çox şey etdiyini deməliyəm. O, bizi əvvəlki vəziyyətə qaytarmağa çalışır. Zidana inanırıq.

PSJ-nin hücumçusu Neymar əla futbolçudu. Onunla tez-tez söhbətləşirik. Düzdü, hər bir komanda Neymar kimi oyunçuya sahib olmağı arzulayır. Amma PSJ təkcə ondan ibarət deyil. Parislilər komanda şəklində güclüdülər. PSJ-nin 3 möhtəşəm hücumçusu var. Bir sözlə, əla oyun olacaq. “Santyaqo Bernabeu”da azarkeşlərimizin dəstəyini hiss etmək istəyirik. Düşünürəm ki, açıq oyun gedəcək. Çünki hər iki komanda hücum etməyi sevir. Amma cütün taleyi birinci matçda həll olunmayacaq. Biz bu cür turnirlərdəki təzyiqə alışmışıq. Psixoloki cəhətdən sakit olmalıyıq”.

 

Toni Kroos (“Real”ın almaniyalı yarımmüdafiəçisi): “Bizi vacib oyun gözləyir. PSJ ilə hər iki görüşün çətin keçəcəyini bilirik. Amma gələcəyə nikbin baxırıq. Çünki gücümüzə inanırıq. “Real” Çempionlar Liqasında özünü dəfələrlə sübuta yetirmiş komandadı. Bu il də kuboku qazanmaq istəyirik. Bəli, PSJ də çox güclüdü. Lakin əsas özünə inanmaqdı”.

 

Unai Emeri (PSJ-nin baş məşqçisi): “Oyuna yaxşı hazırlaşmışıq. Amma bütün matçlara bu cür yanaşırıq. “Real”la görüş bizim üçün əla şansdı. Bizi Çempionlar Liqasının son qalibi ilə oyun gözləyir. “Real” bu turniri ən çox qazanmış komandadı. Odu ki, kim olduğumuzu, hansı pillədə qərarlaşdığımızı və nə etmək istədiyimizi göstərməliyik. Tarix baxımından “Real” Çempionlar Liqasının ən yaxşısıdı. Bu klubun ayrı-ayrılıqda hər bir futbolçusuna hörmətlə yanaşırıq. Lakin inanıram ki, biz də ən güclü cəhətlərimizi göstərə biləcəyik. Bu oyunda qalib gəlməyə hazırıq. Güclü rəqiblə qarşılaşmaq həmişə xoşdu. Çünki özünü göstərmək şansı qazanırsan. Belə oyunlardan həzz almaq lazımdı. Çempionlar Liqası unikal turnirdi, onu qazanmaq hər şeydən çətindi. Amma mən Parisə məhz bu cür görüşlər üçün gəlmişəm. İnkişafa davam etməliyik”.

 

Markinyoş (PSJ-nin braziliyalı müdafiəçisi): “Çempionlar Liqası, 1/8 final həyəcanı və “Santyaqo Bernabeu”. Bir futbolçu üçün bundan gözəl nə ola bilər ki? “Real”ın hücum xətti çox güclüdü. Amma özümü göstərəcəyimə inanıram. Bu cür oyunlardan əvvəl üzərində daha səylə çalışırsan. “Real” kimi PSJ də əla komandadı. Özümüzə güvənirik. Məğlubiyyət haqda düşünmürük. Məqsədimiz daha da irəli getməkdi. Gündən-günə, oyundan-oyuna hədəfə yaxınlaşırıq. “Barselona” ilə ötən mövsümdəki matçları xatırlayıram. Həmin məğlubiyyətdən dərs götürməliyik. İlk növbədə, öz oyunumuz barədə düşünməli, bundan sonra rəqibin üstün cəhətlərinin qarşısını kəsməliyik. 90 dəqiqə orqanizm kimi fəaliyyət göstərməliyik. Hamı ilə müdafiə olunmalı, hamı ilə hücuma keçməliyik. Rəqib hücumlarımızdan ehtiyat edəcək.

Komanda yoldaşım Neymar belə təzyiqdə necə davranmalı olduğunu yaxşı bilir. O, öz oyunu ilə PSJ-nin vacib fiquru olduğunu təsdiqləyir”.

 

 

 

 

0