[b]Eyni təyyarə, eyni heyət, eyni insanlar: üfüqdə Sevilya görünmürdü...[/b]
20.07.2018 - 17:46
[b]Eyni təyyarə, eyni heyət, eyni insanlar: üfüqdə Sevilya görünmürdü...[/b]

Budapeştdə keçirdiyimiz ikinci günün qrafiki daha qarışıq idi. Öncə şəhərin görməli yerlərini gəzməli, ardınca təhlükəsizlik məsələləri səbəbindən erkən saatlarda stadionun yolunu tutmalı, matç bitdikdən sonra isə otelə qayıdıb, təxminən saat yarım gözlədikdən sonra istiqaməti hava limanına doğru dəyişməli idik. İlk gündən fərqli, hava Bakını yada salırdı: istinin və küləyin qarışığı.

 

Bir öncəki gündən fərqli, bu səfər Budapeştdən istədiyimizi tam olaraq alacağımız mövzusunda da daha rahat idik. Ən azından bu dəfə şəhərə bələd olan sürücümüz var idi. Budapeştə gəlib, Dunay çayını görməmək missiyanın yarımçıq qalması anlamına gəlir. Ona görə də, aşağı-yuxarı hamı Dunay sahilini işarət edirdi. Sonda məşhur Geller təpəsinin çaya yaxınlığı və şəhəri tam görmək imkanı verməsi səbəbindən orda qərar tuturuq. Yol boyunca yaşıllıq və tramvayların bir-birini əvəzləməsi diqqət çəkir.

 

Ardınca önümüzdə yeni mənzərə açılır: məşhur Azadlıq körpüsü və Avropanın ikinci böyük çayı Dunay. Peştdən Budaya keçid və istiqamət Geller təpəsinin zirvəsində istehkama doğru yol. Bura ölümü məhz sözügedən təpə ilə əlaqələndirilən müqəddəs Qerardın şərəfinə adlandırılıb. Təpənin aşağı hissəsində isə şəhərin ən məşhur kurort yerlərindən biri yerləşir. Şəhərin hər qarışı əlimizin içində olduğundan, ilk yada düşən şey fotokameralar olur. Müxtəlif fokuslar, effektlər, rakurslar – gözəl mənzərəni əbədiləşdirmək üçün yarım saat belə bəs etmir.

 

Stadiona yollanmamışdan öncə təxmini 4-5 saat vaxta sahibik. Öncədən qərarlaşdırdığımız kimi, şəhərin əsas alış-veriş məkanlarının yerləşdiyi mərkəzi küçəyə yollanırıq. Bir tərəfdən hədiyyəlik əşyalar axtarışında ola-ola, digər tərəfdən də, özlüyümüzdə qiymətlərin Bakı ilə müqayisəsini aparırıq. Bu mövzuda isə şəhər gözləntilərimizin üzərinə çıxır: qiymətlər heç də düşündüyümüz kimi, aşağı deyil. Təbii, bunda mərkəzdə olmağımızın da payı var idi, ancaq yenə də...

 

Məsələn, sadə “brelok”ların qiymətləri əksər yerlərdə 4-10 avro arası dəyişirdi. Daha özəl yadigarlıq hədiyyə axtarışına düşsən, bu səfər 30 avronun üzərində pul xərcləməliydin. Mərkəzi küçə ilə irəliləyərkən gözümə futbol mağazası sataşır. “CBC Sport”dakı həmkarım Nurlan Valehoğlu ilə birlikdə ora daxil oluruq. İlk başda mənim üçün məqsəd macarların 50-ci illərdəki “qızıl komanda”sına dair xatirəlik bir şeylər tapmaqdan ibarət idi. Məkan sahibi ilə danışdıqdan sonra isə sadəcə, son dövrə aid atributların və formaların satışda olduğu məlum olur.

 

Qəribəsi “qızıl komanda”ya dair nəsə tapmaq cəhdim kiçicik də olsa, uğurla nəticələnəcəkdi. Bu barədə sonra... Kimliyimizlə maraqlananda Azərbaycandan gəldiyimizdən bəhs edir, “Uypeşt” – “Neftçi” matçının bizi buralara gətirdiyini vurğulayırıq. Bunun üzərinə onun dediklərini yekunla qarşılaşdırsaq, ortaya ironik şeylər çıxır: “Uypeşt”? O zaman işiniz asandı. Mövsümün əvvəlində yaxşı oynasalar da, son turlarda nə etdiklərini bilmirdilər”.

 

Son olaraq, ingiliscə danışmağımıza işarət edərək, artıq Macarıstanda da rus dilinin təsirinin azalmaqda olduğunu qeyd edir. Alış-veriş mövzularını tamamladıqdan sonra sözləşdiyimiz yerdə toplaşaraq, yenidən bizim üçün ayrılan avtobusla oyunun keçiriləcəyi “Ferents Susa” stadionunun yolunu tuturuq. Macar azarkeşlərin hər hansısa bir insident törətmə cəhdini önləmək üçün matçın başlamasına 1 saat 45 dəqiqə qalmışa arenaya çatırıq. Lakin stadionda media nümayəndələrinin akkreditasiya prosesi ilə bağlı baş verənlər isə ayrı yazı mövzusu ola bilər. Qısaca deyim ki, iş vəsiqələrimiz və biletlərimiz olmasına baxmayaraq, klub əməkdaşları, stadion işçiləri və könüllülərin göstərişləri əsasında X və Y nöqtələri arasında iki dövrə vurduqdan sonra yenidən ilk başdakı X nöqtəsinə qayıtdıq və media nümayəndəsi olduğumuzu təsdiqləmək üçün bizə verilməli olan “nişan”ların elə orda olduğu aşkara çıxır.

 

Birtəhər stadiona daxil olduqdan sonra oyunun start fitinə qədər Roberto Bordinin heyət seçimi və “vay-fay” problemləri trendə çevrilir. Start fitindən sonra isə ikinci məsələni bir kənara “park” etsək də, Bordinin oyuna yanaşması ətrafında müzakirələr daha da alovlanır. Bu arada, qapı arxası tribunadakı rəqib azarkeşlərin sayı elə də çox olmasa da, oyun boyu verdikləri dəstək qeydə dəyərdi.

 

“Neftçi” də yalnız deyildi. Avropada/Macarıstanda yaşayan təxminən 15-20 nəfər həmyerlimiz komandanı Budapeştdə yalnız buraxmamışdı. Oyunun gedişatına uyğun olaraq qolların bir-birini əvəzləməsi fonunda futbolçular kimi, onlar da ruhdan düşürlər. Artıq “Sevilya” məsələsini əsas missiya qismində “Uypeşt” əvəzləmişdi. Bu missiyanın yerinə yetirilməsi isə mümkünsüz görünürdü. Macar həmkarlarımızdan fərqli, Roberto Bordin kimi, biz də hadisələrini gedişatını səssiz-səmirsiz izləyərək, mətbuat konfransının yolunu tuturuq. Futbolçular isə oyun öncəsi ənənəni pozmurlar: medianın sualları elə sual olaraq da qalır. Tələm-tələsik otelə qayıtmağımızla Budapeşti tərk etmək üçün hava limanına üz tutmağımız bir olur.

 

Eyni təyyarə, eyni heyət, eyni insanlar... – bu dəfə isə üfüqdə Sevilya görünmürdü.

 

P.S. “Qızıl komanda”? Mən isə uzun axtarışdan sonra həmin komandanın əvəzolunmaz parçalarından olan Şandor Koçişin şəklinin əks olunduğu suvenir parçasını tapmaqla təsəlli tapırdım. Könül istərdi ki, həmin komandaya dair araşdırma tipli bir şeylər qaralayam, əslində, buna dair cəhdim də olmuşdu. Xoşbəxtlikdən, macar həmkarlarımdan biri bunun üçün məni Budapeşt yaxınlığında yerləşən və sözügedən “möhtəşəm macarlar”a dair yetərincə araşdırma apara biləcəyim bir yerə aparacağına dair söz də vermişdi. Geri dönmək məcburiyyətində olmaq bütün cəhdləri boşa çıxardı...

 

Rüfət MƏCID

0