18 Sentyabr 15:25 “İnter”də maaş davası: Svanadze ortada qalıb
FUTBOL xəbərləri 18 Sentyabr 15:25
3658 baxış

“İnter”də maaş davası: Svanadze ortada qalıb

Bakı “İnter”inin başı üzərindən qara buludlar çəkilmək bilmir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisində maliyyə problemi davam edir.

 

Mövsümün əvvəlində AFFA-nın nəzarəti altına keçən “İnter”də ilk vaxtlar hər şey qaydasında olsa da, vəziyyət yenidən gərginləşib. Belə ki, futbolçular artıq 2 aydan çoxdu pul üzü görmürlər. İyul və avqust ayının maaşlarını almayan oyunçulara rəhbərlik hər dəfə “bu gün - sabah” sözünü versə də, vədlər yerinə yetirilmir.

 

Komandanın cari mövsümə uğursuz start götürməsi də məhz bundan qaynaqlanır. Artıq rəhbərliklə bəzi futbolçuların münasibəti də gərginləşib. Xüsusən də, bir neçə təcrübəli oyunçunun etirazını bildirməsi klub rəhbəri Zaur Axundovun ürəyincə olmayıb.

 

Yaranan gərginlik baş məşqçi Zaur Svanadzenin də ortada qalmasına səbəb olub. Gürcüstanlı mütəxəssisin bu məsələdə rəhbərliyin tərəfini tutması futbolçularla münasibətinin pozulmasına gətirib çıxarıb.

 

Qeyd edək ki, “İnter” Premyer Liqanın ilk 5 turunda 7 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.