[b]Kapitanlar, müdafiəçilər, eyni gündə fərqlənənlər...[/b]
23.10.2017 - 10:32
[b]Kapitanlar, müdafiəçilər, eyni gündə fərqlənənlər...[/b]

Azərbaycan Premyer Liqasının IX turu iki futbolçu üçün ilklə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, söhbət qol sevinci yaşayan mərkəz müdafiəçilərindən gedir.

 

Ruslan Abışov “Neftçi”nin “Kəpəz”lə səfər oyununda, Vurğun Hüseynov isə “Sumqayıt”ın “Zirə” ilə ev matçında “siftə” edib. Kapitanların qolları komandalarına 3 xal qazandırıb.

 

“Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandaya qayıtdıqdan sonra ilk dəfə qol sevinci yaşayıb. Bu ilin əvvəlindən yenidən doğma komandada çıxış edən Ruslan “Neftçi”yə qayıtdıqdan sonra qol sevinci yaşamamışdı.

 

Amma Abışov doğma komandasında oynadığı əvvəlki dönəmdə çempionat matçlarında 7 qol vurub. Onun sonuncu uğuru 2012-ci il aprelin 29-na təsadüf etmişdi. Həmin vaxt müdafiəçi “Neftçi”nin “Qarabağ”ı 2:1 hesabı ilə yendiyi qarşılaşmada fərqlənmişdi. 90+1-ci dəqiqədəki həmin top isə çempionluğu təmin etməsi ilə nəticələnmişdi.

 

Sonrakı illərdə “Xəzər Lənkəran”, “Rubin”, “Qəbələ” və “İnter”in formasını geyinən Abışov ağ-qara formada çempionatdakı növbəti qolunu 2001 gündən sonra vurub.

 

Maraqlıdı ki, Vurğun da sonuncu dəfə 2012-ci il aprelin 29-da qol sevinci yaşamışdı. Premyer Liqada növbəti uğurunu 2001 gündən sonra vuran müdafiəçi “Qəbələ”nin “Bakı”nı 4:0 hesabı ilə udduğu qarşılaşmada fərqlənmişdi.

 

Bu dəfəki qol isə Hüseynov üçün “Sumqayıt”ın heyətindəki “siftə”sidi. O, Premyer Liqada “Gənclik şəhəri” təmsilçisində keçirdiyi 117-ci qarşılaşmasında qol hesabını açıb. Hərçənd, bu komandaya gəlişinədək 7 dəfə qol vurmağı bacarmışdı.

0