23 Fevral 14:53 “Mən “Sumqayıt”ın heyətində də bu çətinlikləri görmüşəm”
FUTBOL xəbərləri 23 Fevral 14:53
3252 baxış

“Mən “Sumqayıt”ın heyətində də bu çətinlikləri görmüşəm”

“Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azadın apasport.az saytına müsahibəsi

 

- Səhhətinizdəki problemə görə, ötən turda “Kəpəz”lə Gəncədəki matçı buraxmışdınız. “Sumqayıt”la XVII tur oyununa necə, hazırsınızmı?

- Bəli, hərarətim olduğu üçün meydana çıxa bilməmişdim. Qripə yoluxmuşdum. Artıq tam sağalmışam. “Sumqayıt”la görüşə hazıram.

 

- “Sumqayıt” qış fasiləsindən sonra “Zirə” və “Neftçi”dən ümumilikdə 4 xal alıb. Onlara qarşı nəyə ümid edirsiniz?

- “İnter Arena”da oynamaq “Sumqayıt” üçün həmişə çətin olub. Mən hələ o komandanın heyətində olanda da bu çətinlikləri görmüşəm. Rəqibin hansı formada olması bizi maraqlandırmır. Məqsədimiz öz meydanımızda qələbə qazanmaqdı.

 

- Siz də ikinci yarının ilk iki matçında 4 xal toplamısınız. Komandanızın çıxışını necə dəyərləndirərdiniz?

- Daha yaxşı vəziyyətdə olmaq üçün məşqlərdə var gücümüzlə çalışırıq. Artıq bunun bəhrəsini görməyə başlamışıq, uğurlu nəticələr qazanırıq. Turdan-tura daha yaxşı çıxış edəcəyik. Bir az zamana ehtiyacımız var. Yaxşı potensiala malik komandayıq.

 

- Dövrələrarası fasilədə “Keşlə” bir neçə transfer həyata keçirdi. Yeni gələnlər kollektivə uyğunlaşa biliblərmi?

- Həqiqətən də, yaxşı transferlər etmişik. Yeni gələnlərə tam uyğunlaşmaq üçün vaxt verməliyik. Xüsusən də, Sezar Meza Kollinin əvvəlki formasını bərpa etdikdən sonra bizə çox xeyir verəcəyini düşünürəm.

 

- Qış fasiləsindən əvvəlki “Keşlə” güclü idi, yoxsa indiki?

- Məncə, indi daha güclüyük.

 

- Yeni baş məşqçi Yuri Maksimov barədə düşüncələriniz nələrdi?

- Maksimov güclü mütəxəssisdi. Bizə maraqlı məşqlər keçir. Demək olar ki, eyni formada məşq olmur. Hər gün fərqli hazırlıq tələb edir. Bizim, xüsusən də, fiziki cəhətdən güclü olmağımızı istəyir.

 

- Maksimovun əvvəlki baş məşqçilər Zaur Svanadze və Ramiz Məmmədovdan fərqi nədədi?

- Müqayisə etmək çətindi, eyni zamanda düzgün olmaz. Svanadze futbolçuları boş buraxırdı, sərbəstlik verirdi. Məmmədov və Maksimov üçün isə nizam-intizam çox vacibdi.

 

- Maksimov gəldikdən sonra həm 4-4-2, həm də 4-5-1 taktiki sxemində çıxış etmisiniz. Sanki irəlidə tək hücumçu qalanda daha təhlükəli olursunuz...

- Əslində, 4-4-2 sxemi daha yaxşıdı. Çünki belədə yanında bir yoldaşın da olur. Amma bu sistemə hələ öyrəşməmişik. Əksər komandalar 4-5-1-ə üstünlük verdiyindən, bu sistem daha asandı.

 

- Yeni transferlərdən olan Andre Klennon ilk iki görüşdə zəif təsir bağışladı. Onunla rəqabət sizə nə qazandıra bilər?

- Rəqabət hər zaman yaxşıdı, futbolçunun inkişafına təkan verir. Həm də belədə heç vaxt arxayınlaşmırsan. Amma mən Klennona rəqib gözü ilə baxmıram. Çünki hər ikimiz eyni komandanın uğuru üçün çalışırıq. Klennonun da digərləri kimi, zamana ehtiyacı var. Çalışıram ona əlimdən gələn köməkliyi edim ki, kollektivə tez uyğunlaşsın və meydanda komandaya kömək etsin.

 

- Premyer Liqada mövsümü sizin üçün bitmiş saymaq olar. Əvəzində ölkə kukobunda yarımfinal mərhələsindəsiniz. Kubokda hədəfiniz nədi?

- Əlbəttə ki, məqsəd kuboku qazanmaqdı. Təbii ki, bunun üçün ilk növbədə “Sumqayıt” səddini keçməliyik. Bizi qarşıda iki ağır oyun gözləyir. Əgər finala vəsiqə qazana bilsək, orda şanslar yarı-yarıya olacaq.

 

- Finala çıxsanız, həlledici görüşdə kiminlə qarşılaşmaq istərdiniz: “Qəbələ”, yoxsa “Neftçi” ilə?

- Finalda hər şey ola bilər. Orda rəqibin kimliyinin artıq bir fərqi olmur.

 

- Qış fasiləsindən sonra daha görünürsünüz və qol da vurmusunuz. Millinin baş məşqçisi Qurban Qurbanovdan qarşıdakı toplanışda dəvət gözləmirsiniz?

- “Keşlə”nin lider futbolçularından biri sayılıram. Qollarla və yaxşı performansla komandama kömək etmək istəyirəm. Bunun məsuliyyətini dərk edirəm. O ki qaldı milliyə, orda oynamağa hər zaman hazıram. Amma düzü, heç gözləmirəm.

 

- Niyə dəvət gözləmirsiniz? Üstəlik, nəzərə alaq ki, millidə hücumçu problemi var...

- Bilirəm ki, yığmada hücumçu problemi var. Demək istəyirəm ki, dəvət edilmək mənim qərarımla olmur. Mən yalnız özümü göstərə bilərəm. Əgər Qurban müəllim düşünürsə ki, Pərdis komandaya lazımdı, o zaman mən hazıram.

 

Ruslan SADIQOV

Xəbər lenti