[b]“Məndə olan liderlik özəlliyi...” – MÜSAHİBƏ[/b]
14.06.2018 - 10:44
[b]“Məndə olan liderlik özəlliyi...” – MÜSAHİBƏ[/b]

“Keşlə”nin qambiyalı yarımmüdafiəçisi Ebrima Sohnanın apasport.az saytına müsahibəsi

 

- “Keşlə”yə qış fasiləsində keçdiniz. Komandanın mövsümün ikinci yarısındakı çıxışını necə qiymətləndirərdiniz?

- İkinci yarı bizim üçün əla keçdi. Komandada ailə ab-havası hökm sürürdü, hamı bir-birinə kömək edirdi. Bütün bunlar uğur qazanmağımıza səbəb oldu.

 

- Ancaq ilk iki dövrə “Keşlə” üçün uğursuz alınmışdı. Komandanın qışdan sonrakı yüksəlişi sırf yeni transferlərlə bağlıdı?

- Məncə, yeni transferlərin rolu böyük oldu. Bir neçə futbolçu ilə müqavilə imzalandı, bəzi dəyişikliklər edildi. Bu da ümumi işə təsirini göstərdi.

 

- Azərbaycan kubokunun finalında hamı “Qəbələ”dən qalibiyyət gözləyirdi. Üstəlik, oyun onların meydanında keçirilirdi. Siz necə, belə düşünmürdünüz?

- Qəbələyə yollananda hər şeyə hazırlıqlı idik. Azarkeşlərimizi kubokla sevindirmək üçün əlimizdən gələni etməyə söz vermişdik. Özümüzü ev oyunu kimi kökləmişdik. Oyun onların meydanında keçirilsə də, rəqibə özünü ev sahibi kimi hiss etməyə imkan vermədik.

 

- “Keşlə”dəki ilk 6 ayı özünüz üçün necə dəyərləndirərdiniz?

- İlk iki oyun mənim üçün normal keçdi. Ancaq bilirdim ki, daha artığını etməliyəm. Oyundan-oyuna da “artırdım”. Bəzən komanda yoldaşlarını tanımaq üçün 1 və ya 2 matç kifayət edir.

 

- İlk vaxtlar oyununuza görə tənqid olunsanız da, getdikcə daha yaxşı çıxış etdiniz. Uyğunlaşma dönəmini necə keçirdiniz?

- Yeni komandaya getdiyin zaman ilk növbədə komanda yoldaşlarını tanımalısan. Bu da müəyyən zaman tələb edir. Biz də oyundan-oyuna bir-birimizi daha yaxşı başa düşməyə başladıq. Bu isə istər-istəməz çıxışıma müsbət mənada təsir göstərdi.

 

- Matçlar zamanı daha çox meydanın mərkəzində olur, hücuma çıxmırdınız. Oyun üslubunuz belədi, yoxsa baş məşqçi bu cür tapşırıq verirdi?

- Həm müdafiəyə, həm də hücumameylli çıxış edə bilirəm. Lakin komandanın oyun planında mənim öz rolum var. Əsas işim topu ələ keçirmək və komandamın oynamasına, hücum qurmasına şərait yaratmaqdı.

 

- Görüşlər zamanı əl hərəkətləri ilə tez-tez komanda yoldaşlarınıza göstərişlər verirdiniz. Bu, liderlik özəlliyindən qaynaqlanır, yoxsa vərdişdi?

- Məndə liderlik özəlliyi var. Bu qabiliyyət komanda yoldaşlarımı ruhlandırmaqdan ibarətdi.

 

- Azərbaycana uyğunlaşmaqda çətinlik çəkmədiniz?

- Futbol elə sahədi ki, başqa ölkəyə gedəndə uyğunlaşmaq üçün zamana ehtiyacın olur. İstənilən ölkədə bir müddət sonra özünü evdəki kimi hiss edə bilirsən.

 

- Klubla müqavilə müddətiniz başa çatır. Gələcəyinizlə bağlı qərar vermisinizmi?

- Hələ heç nə bəlli deyil. “Keşlə”də baş məşqçidən və komanda yoldaşlarımdan razıyam. Menecerim bu məsələ ilə məşğul olur.

 

- Klubdan yeni müqavilə təklifi almısınız?

- Bəli, almışam. Hazırda rəhbərliklə danışıqlar davam edir.

 

Ruslan SADIQOV

0