[b]“Neftçi” çox risk etməyəcək”[/b]
19.07.2018 - 14:11
[b]“Neftçi” çox risk etməyəcək”[/b]

“Uypeşt”in mərhələni keçəcəyini düşünürəm. Bakıdakı matça əsasən biz evdə daha stabil oynamalı və özümüzü günahlandırmamalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu “Uypeşt”in veteran futbolçusu Zoltan Şlezak deyib.

 

O, yerli mətbuata açıqlamasında sevimli komandasının Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” önündəki şanslarını dəyərləndirib.

 

Sabiq müdafiəçi Macarıstan təmsilçisinə öz məsləhətlərini verib: “İlk görüşün əvvəllərində “Neftçi”yə qarşı yaxşı oynaya biləcəyimizi göstərdik. Hətta önə də keçmişdik. Öz meydanımızda daha diqqətli, intizamlı oynamalı və minimum 2 qol vurmalıyıq. Əminəm ki, Azərbaycan komandası çox risk etməyəcək. Bu amil komandamızın hücuma atılmasına kömək olacaq. Əleyhimizə olan durumu fasiləyə qədər yarıya endirmək pis olmazdı. Futbolçular ürəklərini ortaya qoymalı, hücuma atılmalıdılar. Bəlkə bu, işimizi bir qədər asanlaşdırar”.

 

“Uypeşt”in daha bir sabiq üzvü Yozef Tot isə azarkeşləri stadiona səsləyib: “Komanda ilk oyunda məğlub olduğundan, bu dəfə mütləq çıxış yolları axtarmalıdı. Futbolçular bunu tapa bilsələr, qələbə qazanmaq asanlaşacaq. İnanıram ki, ikinci mərhələyə birlikdə adlayacağıq. Özüm stadionda olacam və azarkeşlərin də komandanı dəstəkləməyə gəlməsini istəyirəm”.

 

Qeyd edək ki, “Şuşa Ferens” stadionunda keçiriləcək “Uypeşt” – “Neftçi” oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək. Bakıda baş tutan ilk qarşılaşmada təmsilçimiz 3:1 hesablı qələbə qazanıb.

0