[b]“O, bu addımı atmaqla öz “kiçikliyi”ni göstərdi”[/b]
19.03.2017 - 00:01
[b]“O, bu addımı atmaqla öz “kiçikliyi”ni göstərdi”[/b]

“İnter”lə oyunda qazanılan qələbəni şərh edən “Neftçi”nin təcrübəli müdafiəçisi Mahir Şükürov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Sonradan meydana çıxdınız və qələbənin iştirakçısı oldunuz. Oyun haqda nə deyə bilərsiz?

- Bayram ab-havasında keçdi oyun. Bu gün tək “Neftçi”nin yox, bizim də ad günümüz idi. Qələbə qazanmaq istəyirdik. Çətin keçəcəyini bilirdik və buna rəğmən məqsədimizə nail olduq.

 

- 80 illik yubileyini qeyd edən “Neftçi”dən bunu daha ajiotajlı, təmtəraqlı qeyd edəcəyi gözlənilirdi. Ancaq stadiona yenə cəmi 500-600 azarkeş toplaşmışdı...

- Biz də çox gözləyirdik. Azarkeşlərimiz komandamıza başqa sürprizlər hazırlamışdı, amma polislərimiz icazə vermədi.

 

- Nə sürprizlər idi?

- Pankartlar açacaqdılar. İki fişəng yandırılacaqdı, onlardan birini mən, digərini Ruslan Abışov tutacaqdı. Polis icazə vermədi. Söz sahibi onlardı, olmaz, deməli, olmaz!

 

- Qış fasiləsindən sonra meydana nadir hallarda çıxırsınız. Dövran başa çatır?

- Zədəm var idi. Həm də işim bir qədər dəyişib. Artıq oynayan-məşqçi funksiyasını yerinə yetirirəm. Gənclərə yol açmağın vaxtıdı. Baş məşqçi nə vaxt meydana buraxsa, çıxmağa hazıram.

 

- Deməli, yayda futbolçu kimi karyeranızı bitirəcəksiniz?

- Bitirə də, davam da edə bilərəm. Yayda qərar verəcəyik.

 

- Yeni formanızı bəyəndinizmi?

- Əlbəttə, özümüzü vaxtilə bu dizaynlı formaları geyinən futbolçuların yerində hiss etdik.

 

- Əvvəlki illərdə oynayanlardan xatırladıqlarınız, özünüz üçün kumir hesab etdiyiniz futbolçu varmı?

- Var, vaxtilə müdafiədə Əsgər Abdullayev, hazırkı baş məşqçimiz Elxan Abdullayev çıxış edib.

 

- Meydana daxil olanda Ruslan kapitanlıq sarğısını sizə həvalə etdi...

- Əsas kapitan mənəm. Ruslan isə vitse-kapitandı. O, bu addımı atmaqla öz “kiçikliyi”ni göstərdi. Bu gün komandamızın mehriban olması düzgün yolda olduğumuzu göstərirdi.

 

- Yubiley tədbiri olmsaydı, yenə meydana çıxacaqdınız?

- Bəli, oynayacaqdım. Çünki zədəmi sağaltmışam. Əslində, bir qədər əvvəldən zədəmi sağaltmışdım. Sadəcə, süni örtüklü meydançada məşq etdikdən sonra yenidən ağrılar hiss etdim. Ona görə oynamağa risk etmirdim. 

0