[b]“Olimpiya”nın Bakı proqramı və II mərhələ iddiası[/b]
16.07.2018 - 12:31
[b]“Olimpiya”nın Bakı proqramı və II mərhələ iddiası[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq “Olimpiya”nın səfər proqramı müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lyublyana təmsilçisi sabah ölkəmizə təşrif buyuracaq.

 

Komanda sabah səhər saatlarında çarter reysi ilə Bakıya yola düşəcək. Qarşılaşma öncəsi son məşqi paytaxtımızda keçməyi planlaşdıran Sloveniya çempionu tam heyətlə oynaya bilməyəcək. Belə ki, uzun müddətdi zədədən əziyyət çəkən müdafiəçi Alyaz Krefl və yarımmüdafiəçi Nathan Oduva yenə komandadan ayrı qalacaq. Həmçinin ilk görüşdə qırmızı vərəqə alan hücumçu Abbas İssa da paytaxtımıza gətirilməyəcək.

 

“Olimpiya” oyundan dərhal sonra vətəninə dönəcək. Çünki komanda iyulun 21-də Sloveniya çempionatının ilk tur matçına çıxacaq.

 

Maraqlıdı ki, sloveniyalılar ÇL-in II təsnifat mərhələsinin də proqramını hazırlayıblar. Belə ki, onlar “ND Qoritsa” ilə ilk tur oyunundan dərhal sonra ÇL-in II mərhələ görüşünün hazırlığına başlamağa ümid edirlər.

 

Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” qarşılaşması 21:0-da start götürəcək. Lyublyanadakı ilk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

0