[b]“Otxod”lara qucaq açan “Sabah”ın məqsədi nədi?[/b]
18.07.2018 - 15:53
[b]“Otxod”lara qucaq açan “Sabah”ın məqsədi nədi?[/b]

Yayın ən hərəkətli klubu “Sabah”dı. Premyer Liqanın debütantı indiyə qədər 17 transfer rəsmiləşdirib. Biri də yoldadı.

 

Komandanın elitada yeni olduğu üçün heyət yığması ölkə reallığında normaldı. Təbii ki, Premyer Liqa ilə I Divizion arasındakı uçurumu nəzərə aldıqda. Üstəlik, aşağı liqada 5-ci olmusansa, növbəti mövsüm həmin heyətlə PL-də hər oyun azı 4-5 top buraxarsan.

“Sabah” rəhbərliyi də ola bilsin, bu reallığı başa düşərək, ardıcıl transferlər reallaşdırır. İndiyə qədər komandaya 4 legioner də qoşulub. Onların arasında bir ad xüsusi diqqət çəkir – Saşa Stamenkoviç. Bir vaxtlar “Neftçi”nin Avropa Liqasında tarix yazdığı heyətdə yer alan serbiyalı qapıçı yenidən ölkəmizdə məharətini göstərməyə çalışacaq. Təbii ki, göstərəcək bir bacarığı qalıbsa...

Ötən gün isə xəbər yayıldı ki, bakılılar daha bir sabiq “Neftçi”li Erik Ramosu da Azərbaycana qaytarır. Məlumatı futbolçu özü də təsdiqləyib. Güman ki, yaxın zamanda paraqvaylı yarımmüdafiəçinin transferi də rəsmən açıqlanacaq.

“Sabah”ın digər legionerlərini bilmirik, ancaq bu ikisinin bacarığını görmüşük. Vaxtilə ölkəmizdə kifayət qədər uğurlu olublar. Ancaq həmin vaxtdan xeyli keçib, məlumumuzdu ki, Stamenkoviç “Okjetpes”lə Qazaxıstan çempionatında sonuncu yeri tutaraq, I Diviziona düşüb, Erik Ramos “Neftçi”dən sonra ölkəsində keçirdiyi 3 mövsümdə yalnız 30 civarında oyun keçirib və s.

Bu və bu kimi faktlar futbol ictimaiyyətində belə bir haqlı fikir formalaşdırıb ki, “Sabah” “otxod”ları yığır. Elə daxili bazarda da daha çox digər klublara lazım olmayan futbolçuların cəlb olunması bu fikri bir az da qüvvətləndirir.

Halbuki bu klub Premyer Liqaya çıxarılarkən gətirilən arqumentlərdən biri beləydi ki, ölkə futbolunun gələcəyinə yatırım edəcək, uşaq komandalarına, gənclərə böyük diqqət ayrılacaq və s. Ancaq biz tamam fərqli mənzərənin şahidiyik.

Bilmək olmur, bu klubun iddiası, məqsədi nədi, nəyə xidmət edir, niyə belə edir. Nə rəhbərlik təqdimat keçirir ki, suallarımızı birbaşa onlara verək, nə də bu transferləri gördükdə konkret mülahizə yürütmək olur. Hələ bir yeniyetmə perspektivini görməmişik bu komandanın heyətində.

Bu cür yeni bir klub bizim nəyimizə gərək, ölkə futboluna nə faydası olacaq?

futbolpress.az

0