[b]“Qarabağ” “dişsiz”liyimizdən faydalandı”[/b]
19.07.2018 - 16:15
[b]“Qarabağ” “dişsiz”liyimizdən faydalandı”[/b]

“2-3 real qol vəziyyətimiz oldu. Təəssüf ki, istifadə edə bilmədik. Yəni əziyyətimiz bəhrə vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Olimpiya”nın hücumçusu Rok Kronaveterə məxsusdu.

 

32 yaşlı forvard yerli mətbuata açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la Bakıda keçirilən (0:0) oyunu dəyərləndirib.

 

O, bərabər səviyyədə oyun göstərmələrinə baxmayaraq, qol vura bilməməyin qurbanı olduqlarını deyib: “Qarabağ” Lyublyanadakı “dişsiz” oyunumuzdan faydalanaraq, üstünlüyə yiyələndi və sonda mərhələni keçdi. Bizə nə olduğunu bilmirəm. Çünki imkanımız var idi və bunu dəyərləndirə bilmədik. Rəqiblə bərabər səviyyəli oyunlar göstərdik. Ancaq əgər qol vura bilmirsənsə, uğur qazanmağın da mümkün olmaz. “Qarabağ”ı artıq unutmalıyıq. Bilirik ki, Avropa Liqasında da oyunlar çətin olur. Bu liqanın növbəti mərhələsindəki rəqibimiz “Kruzaders” barədə heç düşünmürdük. Çünki Çempionlar Liqasında yolumuza davam edəcəyimizə inanırdıq. Artıq rəqibi təhlil etmək olar”.

 

Qeyd edək ki, Lyublyanadakı ilk oyunda 0:1 hesabı ilə məğlub olan “Olimpiya” mübarizəni Avropa Liqasında davam etdirəcək.

0