[b]“Qızıl” xəyalında olanlar: Azalır, qalır?[/b]
14.03.2018 - 15:00
[b]“Qızıl” xəyalında olanlar: Azalır, qalır?[/b]

Azərbaycan Premyer Liqasının XX turu çempionluq şansına malik komandaların sayında dəyişikliyə səbəb ola bilər. Apasport.az saytının məlumatına görə, buna “Neftçi” və “Qarabağ” arasında qarşılaşmanın nəticəsi təsir edəcək.

 

Premyer Liqanın lideri və çempionluğa bir nömrəli namizəd sayılan “Qarabağ”ın qələbəsi qızıl xəyalında olanları azaldacaq. Hal-hazırda 5 komandanın çempionluq üçün nəzəri də olsa şansları qalıb.

 

Bu komandalar arasında sonuncu, yəni turnir cədvəlinin 5-cisi olan “Neftçi” liderdən artıq 22 xal geridədi. Onsuz da qızıl medal qazanması inandırıcı olmayan ölkənin ən titullu klubunun yalnız kağız üzərində görünən şansları bu gün bitə bilər.

 

Çünki “Qarabağ” əzəli rəqibinə qalib gəlsə, 5-ci yerlə xal fərqini 25-ə çatdıracaq. Bu isə “ağ-qaralar”ın sona 8 tur qalmış rəsmən çempionluq şansı ilə vidalaşması deməkdi. Əslində, paytaxt klubunun durumuna əsasən mövsüm başlamamış da onların bunu bacarmayacağı məlum idi. Amma rəsmiləşmək baxımından bugünkü  matç həlledici olacaq.

 

Əgər Qurban Qurbanovun yetirmələri “Neftçi”nin nəzəri şansının üstündən xətt çəkə bilsə, qızıl xəyalında olanların sayı 4-ə düşəcək. Son 4 ilin çempionuna çatmaq üçün kağız üzərində üç komandanın – “Qəbələ”, “Zirə” və “Sumqayıt”ın şansı qalacaq. Lakin qələbəylə ən yaxın izləyicisindən 12 xal uzaqlaşacaq ağdamlıların finişə çatmamış digər rəqibləri üçün də əlçatmaz olacağını daha inandırıcı görünür.

 

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 18:00-da başlayacaq.

0