[b]“Rəhbərlikdə futboldan anlayış olmalıdı” – Bəxtiyar Musayevdən sərt ittihamlar[/b]
20.07.2018 - 16:43
[b]“Rəhbərlikdə futboldan anlayış olmalıdı” – Bəxtiyar Musayevdən sərt ittihamlar[/b]

“Neftçi” Bakıdakı qələbəni toy-bayram edəndə, bu komandanı heç bəyənməmişdim. Çünki ilk oyunda rəqib 3-4 ötürmə edə bilmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol veteranı Bəxtiyar Musayev deyib.

 

Vaxtilə həm futbolçu, həm də məşqçi kimi “Neftçi”nin uğurları üçün çalışan Musayev “ağ-qaralar”ın Avropa Liqasındakı uğursuz çıxışına münasibət bildirib.

 

O, bakılıların evdə 3:1 hesabı ilə məğlub etdiyi “Uypeşt”ə Macarıstanda 0:4 hesabı ilə uduzmasını dəyərləndirib: “Bakıya da çox çətinliklərlə gəlmişdilər, yorğun idilər. Dünənki oyunda da "10 nömrə"lərinin - Donat Şoterin bir balaca ustalıq səviyyəsi olduğunu gördüm. Yorğunluq da olsa, onların komandasında usta futbolçuya rast gəlmədim. Bakıda vurduqları qollardan ikisi qapıçının kobud səhvindən irəli gəlirdi. Ümumilikdə "Neftçi"nin transferlərini heç bəyənməmişdim”.

 

Musayev baş məşqçi Roberto Bordinin “Neftçi”dəki işindən narazılığını ifadə edib: “Öz fikrimdə qalıram ki, Bakıdakı oyunda Namiq Ələsgərov komandanın ən yaxşısı idi. Baxmayaraq ki, Dabo iki qol vurmuşdu. Ən qəribə, pis epizod bilirsiz nə oldu? Namik zədə alanda top rəqibdə idi. 3-4 dəqiqə topu saxladılar. Bilirsiz necədi, xokkeydə, yaxud basketbolda, həndbolda, futzalda bir nəfər olmayanda say üstünlüyü özünü göstərir. Amma böyük futbolda bir futbolçunun 1-2 dəqiqə kənarda qalması, elə də böyük say üstünlüyü deyil. Bununla belə, 3-4 dəqiqə rəqib top saxladı, "Neftçi" isə müdafiədə dayanıb, nəinki hücuma keçməyə, heç top almağa cəhd göstərmədi. Məhz bundan sonra məndə baş məşqçi barəsində neqativ fikirlər yarandı. Hesab 1:1 idi və rəqibə sərf edirdi. Belə olan halda, topu almağa cəhd göstərilmirsə, bu böyük “minus”du”.

 

Veteran Macarıstandakı qarşılaşmadakı məğlubiyyəti də Bordinlə bağlayıb: “Bu oyunda da ən böyük səhv məşqçinin idi. Çünki oyunun əvvəlindən taktika dəyişdirilib, müdafiəmeylli oyuna üstünlük verilmişdi. 4-4-2-yə üstünlük verildiyi görünürdü. Hansı ki, sağda Braliç oynayırdı. O cür ağır futbolçunun sağ kənar müdafiəçisi kimi oynadılması mənə çatmadı. Ümumiyyətlə, o, mərkəz müdafiəçisi kimi də ağırdı. Sağda daha çevik futbolçu çıxış etməlidi. Ruslan zədələnəndə rəqib hesabda 2:0 öndə idi və "Neftçi" qol vurmalıdı. Gözlədim ki, hücumameylli oyun göstərəcəklər. Məhəmməd Mirzəbəyovu sağ cinah yarımmüdafiəçisi kimi oynadırdı. Bunu ümumiyyətlə anlamadım. Bilmədim, özünü itirmişdi, yoxsa nə baş verirdi anlamadım. Düzdü Emin keçən oyunun ən yaxşılarından biri idi, amma bu dəfə ona da şans verilmədi. Mərkəzdə top saxlamaq lazım idi. Hesabda 2:0 öndəsən, topu rəqibə verməməlisən. Meydanda topla oynayan futbolçular görünməli idi. Təəssüf ki, bunlar olmadı. Məsələn, Braliçi mərkəzə və Mirzəbəyovu sağ cinahdan müdafiəyə çəkmək, sağ tərəfə isə hücumameyilli futbolçu buraxmaq olardı”.

 

Musayev italiyalı mütəxəssisi güclü məşqçi saymadığını gizlətmir: “Dünənki oyuna əsasən, mən Bordini həvəskar bir məşqçi kimi qələmə verərdim. İlk oyunda da qələbəni böyük bir iş görmüş kimi, zövqlə təqdim edirdi. Amma rəqibə də baxmaq lazımdı. Qələbə, qələbədi, sevinmək lazımdı, bu öz yerində. Ancaq bu qədər şişirtmək olmaz. Hətta, bu rəhbərliyə də sirayət etmişdi. Yəni rəhbərliyi də inandırmışdı ki, böyük iş görüblər. Rəhbərlikdə futboldan anlayış olmalıdı ki, belə məşqçi hiylələrinə aldanmasın. Ya hiylədi, ya da məşqçinin bacarığı budu ki, böyük qələbə kimi qələmə verdi. Vallah, elə ilk oyundan "Neftçi" xoşuma gəlməmişdi. 2:0 öndəsən, rəqib güclü deyil, niyə çəkinirsən? Elə bilirlər ki, müdafiədən oynamaqla hesabı qoruyursan. Daha demirlər ki, hücuma keçməsən rəqibə sənin üstünə gəlməyə imkan yaradırsan".

 

45 yaşlı çalışdırıcı Bordinin transferləri rəhbərliyin etdiyini deməsinə də münasibət bildirib: “Neftçi"nin məşqçisi "transferi rəhbərlik edir" deməklə özünə əlyeri qoyub. Sabah danışmağa mövzusu olacaq. Onların üstünə atacaq ki, mən seçməmişəm. Düzdü Namik yerli futbolçudu, dostumuzdu. Ancaq "Neftçi"yə elə oyunçular seçilməlidi ki, yerlilər onlardan nəsə öyrənsin. Yəni komandanın gücünə güc qatsınlar. Yoxsa komandanın ən yaxşısı Namiq Ələskərovdusa daha nə deyəsən? Komandada məşqçi işi görünməlidi. Ümumiyyətlə, elə məşqçi gəlməlidi ki, ondan nəsə öyrənə biləsən. Yoxsa, gəlib bəsit səhvlərə yol verirsə deyiləcək nəsə qalmayıb. Baxıram ki, "Neftçi"nin necə klub olduğunu ona başa salıblar. Hər dəfə mətbuat konfranslarında da deyir. Amma bunu gərək təkcə sözdə deyil, əməldə də göstərəsən. Dünənki "Neftçi"nin həm oyunu, həm də hesab, sadəcə biabırçılıqdı. "Oyundu, alınmadı" desək, vallah komandaya ziyan vururuq. Reallığı deməlisən ki, silkələnsinlər”.

sport7.az

 

0