[b]“Uğurumuzda Azərbaycanla əməkdaşlığın rolu böyükdü” – “Atletiko” rəsmisi[/b]
19.03.2018 - 11:28
[b]“Uğurumuzda Azərbaycanla əməkdaşlığın rolu böyükdü” – “Atletiko” rəsmisi[/b]

“Atletiko” Futbol Akademiyasının rəhbəri Antonio Rivera klubun son illərdəki parlaq çıxışının səbəblərini açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, bunda sponsorlarla əməkdaşlığın böyük rol oynadığını vurğulayıb.

 

Rivera, xüsusən də, “Land of fire Azerbaijan”ın onların uğurundakı rolundan bəhs edib. O, bu əməkdaşlığın Azərbaycana da fayda verdiyini deyib: “Tərəfdaşlarımızla əməkdaşlıq həm bizə, həm də onlara çox şey qazandırıb. Yəqin ki, əksəriyyət bir neçə il əvvəl formamızın üzərində “Land of fire Azerbaijan” yazılı reklamın yerləşdirildiyini hələ də xatırlayır. Uğurumuzda onlarla əməkdaşlığın rolu böyükdü. Bu hekayə hər iki tərəf üçün faydalı oldu. Azərbaycanın dünyada tanınması, həqiqətən də, artdı. Ora turist axını oldu ki, “Atletiko”nun bunda köməyi faktdı. İndi baş sponsorumuz fərqlidi. Ancaq Azərbaycan tərəfi ilə hələ də yaxşı əlaqələrimiz var. Biz bunu yüksək qiymətləndiririk”.

 

Akademiya rəhbərinin fikrincə, əsas komandanın La Liqanın, Avropa Liqasının qalibi olmasında, Çempionlar Liqasında finala çıxmasında, ölkədə “Real” və “Barselona”ya meydan oxumasında sponsorluqlarla yanaşı, akademiyanın rolu danılmazdı: “Fernando Torres, Koke, Saul kimi oyunçular məhz akademiyanın kəşfidi. Bu yüksəliş maliyyə artımına da səbəb oldu. Nəticədə stadionumuzu dəyişdirdik, daha müasir arena inşa etdirdik. Həmçinin transfer bazarında dünya nəhəngləri ilə rəqabəq aparacaq gücə sahibik”.

 

Qeyd edək ki, “Atletiko” 2010-cu ildən bəri La Liqanın (2013-14), İspaniya Kral Kubokunun (2012-13), İspaniya Superkubokunun (2014), Avropa Liqasının (2009-10, 2011-12), Avropa Superkubokunun (2010, 2012) qalibi olub, Çempionlar Liqasında isə 2 dəfə (2013-14, 2015-16) finala yüksəlib.

0