[b]“Yuventus” Çempionlar Liqasının qalibi olmaq gücündədi”[/b]
20.04.2017 - 11:02
[b]“Yuventus” Çempionlar Liqasının qalibi olmaq gücündədi”[/b]

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Barselona”nın qonağı olan “Yuventus” rəqibin geridönüş etməsinə imkan verməyib. Apasport.az saytının məlumatına görə, “qoca sinyora”nın 3:0 hesablı üstünlüyü ilə başa çatdığı ilk matçdan sonra bu dəfə qolsuz heç-heçə qeydə alınıb.

 

Qarşılaşmadan sonra hər iki komandanın futbolçuları oyunla bağlı fikirlərini bildirib. “Barselona”nın üzvləri “Yuventus”un yarımfinala adlamağa layiq olduğunu vurğulayıb.

 

Xerard Pike (“Barselona”): “Azarkeşlərimiz möhtəşəm idi, onlarla qürur duyuram. “Nou Kamp”ın “Barselona”nın uğursuzluğuna bu cür reaksiya verməsini heç vaxt görməmişdim. İlk oyunda 0:3 hesabı ilə uduzduqdan sonra vəziyyəti dəyişmək çətin idi. Düzdü, qol imkanlarımız oldu, amma reallaşdıra bilmədik. Dəqiqələr keçdikcə komandada inam azaldı. “Yuventus” müdafiə olunmağı yaxşı bacarır. Bunu bir daha sübut etdilər. “Yuventus” öz üslubunda oynadı. İki görüşün nəticəsinə görə, rəqib bizdən güclü idi və yarımfinala çıxmağa layiqdi. “Yuventus” bu mövsüm Çempionlar Liqasının qalibi olmaq gücündədi”.

 

Serxi Roberto (“Barselona”): “Qol imkanlarımız oldu. Amma onları heç cür dəyərləndirə bilmədik. Əgər qol vursaydıq, “Yuventus”un futbolçularında qorxu yaranacaqdı. Səfərdə qol vurmadan, 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq çox ağırdı. “Barselona” qrup mərhələsində yaxşı çıxış etdi. Sonra Parisdə uğursuzluğa düçar olduq. Buna baxmayaraq, cavab görüşündə inanılmazı bacardıq. “Yuventus”la ilk matçdan sonra yenidən çətinliklə üzləşdik. Bu dəfə vəziyyəti dəyişməyin daha ağır olduğunu bilirdik. Artıq bütün diqqətimizi İspaniya çempionatına və ölkə kubokuna yönəltməliyik”.

 

Canluici Buffon (“Yuventus”): “Yarımfinala çıxdığımız üçün çox şadıq. Xarakter nümayiş etdirdik. Komandamız getdikcə təcrübəsini artırır və istənilən rəqiblə oyunda özünə inanır. 3:0 hesablı qələbədən sonra yarımfinala çıxmaq şansımızın çox olduğuna əmin idim. Amma səfərdə də qol buraxmayacağımı düşünmürdüm. Lakin biz ikinci görüşdə də “Barselona”nın fərqlənməsinə imkan vermədik. Bu, çox şeydən xəbər verir”.

 

Leonardo Bonuççi (“Yuventus”): “Barselona”nın risk edəcəyini bilirdik. Amma rəqibə boş zona vermədik. Evdə 3 qol vurub, “Nou Kamp”da qol buraxmamaq “Yuventus”un dahi komanda olduğunu göstərir. İndi daha bir addım atıb, Kardiffdə keçiriləcək finala vəsiqə qazanmaq lazımdı. Şadam ki, matçdan sonra Messi ilə formamızı dəyişdik. O, dünyanın ən güclü 2 hücumçusundan biridi. Yarımfinalda heç bir komanda “Yuventus”la qarşılaşmaq istəməz”.

 

Paulo Dibala (“Yuventus”): “Barselona” ilə matçda qol buraxmamaq asan iş deyil. Buna görə də, oyunumuzdan çox razıyıq. ¼ final mərhələsinin püşkatması keçiriləndə öz aramızda deyirdik ki, “Barselona”dan başqa istənilən komandanın bizə rəqib olmasına razıyıq. Hazırkı məqamda heç kim Çempionlar Liqasının aşkar favoriti deyil. Yarımfinala yüksələn hər 4 komandanın şansı eynidi”.

 

Xuan Kuadrado (“Yuventus”): “Öz gücümüzə inanırdıq. Hamı “Yuventus”un oyuna necə yanaşdığını gördü. Komanda inanılmaz fədakarlıq etdi. Biz yarımfinala adlamağa layiq idik. Baş məşqçinin tapşırığını hər birimiz tam yerinə yetirdik. Təəssüf ki, əks-hücumlar zamanı qol vura bilmədik”.

 

Dani Alveş (“Yuventus”): “Çətin oyun oldu. Buna baxmayaraq, işin öhdəsindən gələ bildik. Düzdü, bu gecə məyusluq hissi də yaşadım. Çünki “Nou Kamp”la bağlı yaxşı xatirələrim çoxdu. Dostlarını pis əhvalda görmək qəribə hissdi. Oyundan sonra Neymara dedim ki, futboldu, məyus olma. Bu, sadəcə məğlubiyyətdi, irəli baxmaq lazımdı”.

 

 

 

0